Diktatordan yeni ərazi iddiası


Siyasət 01 Dek 2021 09:58:00 135 0

Diktatordan yeni ərazi iddiası

Suriya parlamentinin dünənki iclasında Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı bəyanat qəbul olunub.

"Hatay vilayətinin Türkiyəyə birləşdirilməsinin 82-ci ildönümü ilə əlaqədar bəyanat" adlı sənəddə bildirilir ki, Hatay vilayəti və eyniadlı şəhər "Suriya ərazilərinin tərkib hissəsidir".

"Əlimizdən gələni edəcəyik ki, Hatay Türkiyədə qalmasın və bu əraziləri vətənimizə qaytaraq", - sənəddə vurğulanır.

Ərazisi 5678 kvadrat kilometr olan bu vilayət Birinci Dünya Müharibəsi 1918-ci ildə başa çatanda Türkiyədən qoparılaraq o dönəmdə Fransanın idarəçiliyində (protektoratında) olan Suriya və Livan birləşmiş ərazilərinə qatılmışdı.

1936-cı ildə Türkiyə hökuməti Millətlər Liqasına müraciət edərək ölkədən qoparılmış əzəli Türkiyə ərazisi olan Hatayın geri qaytarılmasını tələb etmişdi. Elə həmin ilin noyabrında rəsmi Parisin qərarı ilə Hatay vilayətinə Suriyanın tərkibində muxtariyyət statusu verilmişdi.

İki il sonra, 1938-ci ildə Suriyadakı fransız işğal administrasiyası əhalinin siyahıyaalınmasını keçirmiş və nəticələrə görə Hatay Sancağında (Nümayəndələr Məclisi) 22 yer türklərə, 9 yer ələvi ərəblərə, 5 yer ermənilərə, 2 yer sünni ərəblərə, 2 yer də xristian ərəblərə verilmişdi.

1938-ci ilin yayında təsis edilmiş Hatay Sancağı həmin ilin sentyabrın 2-də Hatay Respublikasını elan etdi. Bu adı Mustafa Kamal Atatürk təklif etmişdi.

1939-cu ildə Hatayda keçirilmiş ümumxalq referendumunun nəticələrinə əsasən bu məkan Türkiyəyə qayıtdı, Türkiyənin vilayəti oldu.

Sadalanan tarixi faktları qulaqardına vuraraq belə idiotik bəyanat qəbul edən Suriya parlamentinin ölkə prezidenti, sivil dünyanın diktator kimi tanıdığı Bəşər Əsədin birbaşa göstərişi ilə hərəkət etməsi şübhəsizdir.

Suriyanın şimalındakı İdlibdə yüz minlərlə insanı hədəfə alan Dəməşq rejiminin humanitar fəlakətlə sonuclanacaq planlarına mane olan və İdlibdə mülki sakinlərinin təhlükəsizliyinin təmin olunduğu zonanı yaradan Türkiyənin siyasəti təbii ki, Bəşər Əsədi qıcıqlandırır.

Lakin Əsəd rejimi unudur ki, süngülər üzərində oturaraq özünü legitim saysa da, dünya birliyi tam əks fikirdədir.

Orxan Hun Son.az