Xərçəngin müxtəlif növlərinin profilaktikası


Digərləri 30 Noy 2021 08:15:00 271 0

Xərçəngin müxtəlif növlərinin profilaktikası

Ağciyər xərçənginin profilaktikası: ağciyər xərçənginin profilaktikasının ən effektiv metodu tütünçəkmədən imtinadır.

Tütünçəkməni tərgitməyin qoruyucu (profilaktik) effekti tütünçəkmənin müddətindən və intensivliyindən, həmçinin tütünçəkmənin tərgidilməsindan keçən vaxtdan asılıdır. Tütünçəkməni tərgidəndən 10 il sonra ağciyər xərçəngindən ölüm riski 30-50% aşağı düşür. Beləliklə, ağciyər xərçənginin ilkin profilaktikasında ən effektiv vasitə tütünlə mübarizədir. Asbest və radonla əlaqənin istisna edilməsi, meyvə və tərəvəzlərin çox istifadə edilməsi də ağciyər xərçəngi riskini aşağı salır.

Kolorektal xərçəngin profilaktikası: kolorektal xərçəngin ilkin profilaktikasının təsirli tədbirlərinə tütündən imtina, müntəzəm fiziki aktivlik, heyvan yağlarının az istifadəsi və müntəzəm skrininq aid edilir. Kolorektal xərçəngin müntəzəm kütləvi skrininqi və sonrakı kolonoskopiya və adenomatoz poliplərin götürülməsi ilkin profilaktika tədbirlərinə aiddir və kolorektal xərçəng riskini 66-80% aşağı salmağa imkan verir.

Mədə xərçənginin profilaktikası: mədə xərçəngin ilkin profilaktikası tədbirlərinə meyvə-tərəvəzlərin və bütöv dənli bitkilərin çox istifadəsi, duzlu və konservləşdirilmiş qidanın qəbulunu azaldılması, ərzaqların düzgün saxlanması, tütünçəkmədən imtina və qastroezofageal reflyüks xəstəliyinin müalicəsi aid edilir.

Süd vəzi xərçənginin profilaktikası: spirtli içkilərin azaldılması, fiziki aktivliyin təmin edilməsi, düzgün qidalanma və normal çəkinin saxlanması süd vəzi xərçənginin inkişaf riskini aşağı salır. Hətta gündə 30 dəqiqə müntəzəm fiziki aktivlik kifayətdir ki, süd vəzi xərçəngi riskini 35% azaltsın. Minimum 6 ay müddətində döşlə əmizdirməni seçən qadınlar süd vəzi xərçənginin inkişaf riskini aşağı salmış olur. Menopauzadan sonra əvəzedici hormon terapiyasının istifadəsi (kombinə olunmuş və ya yalnız estrogen tərkibli) süd vəzi xərçənginin inkişafı riskini artırır.

Süd vəzi xərçənginə qarşı mübarizədə əsas hədəflərdən biri onun erkən aşkar edilməsidir. Erkən aşkar edilmənin tövsiyə edilən strategiyaları erkən əlamət və simptomları müəyyən etməkdə məlumatlı olmağı təmin etmək, özünü müayinə etmək və süd vəzinin müntəzəm olaraq həkim tərəfindən klinik müayinəsidir.