Diş ağrısında xalq təbabəti vasitələri


Digərləri 30 Noy 2021 08:25:00 216 0

Diş ağrısında xalq təbabəti vasitələri

Diş ağrısı dişin bərk toxumalarının zədələnməsi nəticəsində yaranır.

Güclü diş ağrısı nəinki əhvalın pisləşməsinə, həm də iş qabiliyyətinin aşağı düşməsinə, qidalanma və yuxu rejiminin pozulmasına səbəb olur.

Diş ağrısının əsas səbəbləri - kariyes, pulpit, parodontit kimi diş və dişəti xəstəlikləridir. Həmçinin diş çatları, dentin təbəqəsinin açıq qalması və yaxşı müalicə olunmamış dişlər də ağrı törədə bilir. Təkcə diş xəstəlikləri deyil, haymor ciblərinin iltihabı zamanı da ağrı dişlərə yayılır.

Diş ağrısı kəskin, döyünən, intensiv, daimi, sızıltılı və tutmaşəkilli ola bilər.

Əsasən axşam və gecə saatlarında baş verən kəskin ağrının səbəbi əksər hallarda pulpit olur. İntensiv kəskin diş ağrısı isə periodontitin əlaməti hesab olunur. Dişin sinir ucunun yavaş-yavaş parçalanması və ya dişin bağ aparatının zədələnməsi yüngül toxunma zamanı da güclü ağrıya səbəb olur.

Dişlərin daimi olaraq sızıldaması parodontitlə əlaqədar baş verir.

Diş kökündə yaranan absesin əsas əlaməti dişətinin şişkinləşdiyi nahiyədə kəskin döyünən ağrıdır.

Diş ağrısına səbəb olan proseslər ağırlaşdıqda sinirlər məhv olur və ağrı dayanır. Ağrının səngiməsinə baxmayaraq iltihabi proses davam etdiyi üçün belə hal çox təhlükəli hesab olunur.

Diş ağrısında bu kimi xalq təbabəti vasitələri istifadə olunur:

- Ağrıyan dişlə yanağın arasına əzilmiş təzə pişikotu və ya at əvəliyi yarpaqları qoyulur.

- Çuğundur sürtgəcdən keçirilir və ağrıyan dişin üzərinə qoyulur.

- 1 xörək qaşığı adaçayı yarpaqları 1 stəkan qaynar suda dəmlənir, ilıq şəkildə bir qurtum alınıb ağızda 2-3 dəqiqə saxlanır, tüpürdükdən sonra təkrar edilir. Prosedur hər 5 dəqiqədən bir təkrar edilməklə 4-5 dəfə aparılır.

- Kiçik pambıq tampon ağ şam (pixta) yağında isladılır və ağrıyan dişin bir tərəfinə qoyularaq 5-6 dəqiqədən çox olmamaq şərti ilə saxlanır, sonra dişin o biri tərəfinə qoyulur. Prosedur 4-6 saatdan sonra təkrar edilə bilər.