İtaliya bir neçə şəhərdə açıq havada tibbi maska taxmaq qərarı verdi


Dünya 26 Noy 2021 14:54:00 138 0

İtaliya bir neçə şəhərdə açıq havada tibbi maska taxmaq qərarı verdi

COVID-19 infeksiyasına gündəlik yoluxma hallarının artım tendensiyası göstərdiyi İtaliyada bəzi şəhərlərdə açıq havada tibbi maskadan istifadə məcburi olub.

Son.az aviatravel.az-a istinadən bildirir ki, ölkənin şimalında koronavirusa yoluxma halların sürətlə artdığı bəzi şəhərlərdə yerli hökumətlər virusun yayılmasının qarşısını almaq üçün ötən qışda olduğu kimi, yenidən açıq havada tibbi maskadan istifadə tələbi qoyub.

İtaliyanın ikinci böyük şəhəri Milanda, eləcə də Berqamoda 27 noyabr - 31 dekabr tarixlərində açıq havada tibbi maskadan istifadə məcburi olacaq. Bolonya şəhərində isə noyabrın 26-dan gələn il yanvarın 9-dək açıq havada maska taxmaq məcburiyyəti qoyulub.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İtaliyada COVID-19-a yoluxanların sayı 13 min 764 nəfər artaraq ümumilikdə 4 milyon 968 min 341-ə çatıb. Koronavirusun qurbanlarının sayı isə 71 nəfər artaraq 133 min 486-ya yüksəlib.

Ötən gün ölkədə 649 min 998 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 166 min 598 nəfər, reanimasiya şöbəsində olan xəstələrin sayı 588-dir. Virusdan sağalanların sayı isə 6404 nəfər artaraq 4 milyon 668 min 257 nəfər olub.