“Qaçanda Brilliant Dadaşova ilə üzüzə gəldim, ona dəyib yıxıldım...”


Şou-biznes 26 Noy 2021 13:12:00 190 0

“Qaçanda Brilliant Dadaşova ilə üzüzə gəldim, ona dəyib yıxıldım...”

Təxminən 15 il öncə Mingəçevir şəhərində polis şöbəsinin qarşısında konsert keçirilirdi. Xalq artisti Brilliant Dadaşova da orada iştirak edirdi, səhv etmirəmsə elə onun solo konserti idi. Mənim də bir yaxınım polis şöbəsində işləyirdi, o məni müğənniləri görmək üçün içəri salmışdı. Müğənnilər də səhnəyə çıxmazdan əvvəl otaqda dincəlirdilər. Uşaq idim, qaça-qaça polis şöbəsində otaqdan-otağa keçmək istəyəndə Brilliant xanımla üz-üzə gəlib, ona dəyib yıxıldım. O da divara dəydi, üzünü tutub, gülərək keçib getdi. Mənə heç bir şey demədi".   Son.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsinin qazisi Tural Şükürov deyib. O, uzun illər sonra xalq artisti Brilliant Dadaşova ilə tədbirlərdən birində üz-üzə gəlib və ona bu hadisəni xatırladıb.    "Bir neçə gün öncə biz qaziləri də "Zəfər zirvəsi" mükafatının təqdimetmə mərasiminə çağırmışdılar. Brilliant xanım da mükafat alanlar sırasında idi. O, böyük hörmətlə qazilərə yaxınlaşıb şəkil çəkdirdi, hər zaman bizlərə borclu olduğunu bildirdi. Mən həmin hadisəni ona xatırlatdım. Onun da yadına düşdü. Daha sonra səhnədə çıxış edəndə həmin hadisəni hamıya danışdı. Bildirdi ki, "bilmirəm bu bir təsadüfdür, yoxsa zərurət?! Mən onun qəhrəmanı idim, indi o mənim qəhrəmanımdır" dedi. Mən keçən il xəstəxanada yatanda Lalə xanım Azərtaş da efirdə mənim videomu yayımlayıb, haqqımda söz açmışdı. Onu da görüb öz təşəkkürümü bildirdim. Müharibəyə getməzdən əvvəl mən bərbər sənəti ilə məşğul idim, yaralanandan sonra bu sənətlə o qədər də sıx məşğul ola bilmirəm. Amma arzum budur ki, ölkəmizdə Azərbaycan Bərbərlər Assosiasiyası təsis edim. Demək olar ki, artıq bu arzum yerinə yetir. Tədbirdə stilist Anar Ağakişiyevlə bu haqda fikir mübadiləsi də etdik. Həqiqətən də biz qazilərə tanınmış şəxslərin və ictimai-siyasi xadimlərin diqqəti böyük bir stimuldur", - deyə qazi bildirib.   Qeyd edək ki, Tural Şükürov Suqovuşan ətrafı, Ağuçuq yüksəkliyinin azad olunmasında qəhrəmanlıq göstərib. O, cənab prezident tərəfindən "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.  

Son.az