"Qalan məsələlərdən xəbərim yox idi" Vüqar Səfərlinin məhkəməsi


Digərləri 23 Noy 2021 16:56:00 157 0

"Qalan məsələlərdən xəbərim yox idi"  Vüqar Səfərlinin məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Sayad Vəliyeva bildirib ki, o, "Star" loqistik şirkətinin rəhbəri olub.

"Atam 2018-ci ildə şirkəti təsis edib. Dəftərxana malları satırdıq. Şirkətin direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə atam Çingizi işdəm çıxardı. Bu səbəbdən məni direktor təyin etdilər. Vüqar Səfərlini tanımıram, mən direktor olandan sonra hər hansı bir alqı-satqı olmayıb. 2020-ci ildə atam rəhmətə getdikdən sonra şirkət fəaliyyətini dayandırdı. Atamın hansı şirkətlərlə çalışdığından xəbərim yoxdur" - deyə, şahid bildirib.

Prosesdə ifadə verən şahid Mirsəid Ağayev bildirilib ki, Vüqar Səfərlinin işçisi olub və fondda informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışıb. "Fondda texniki işlərlə məşğul olmuşam, çəkilişlər etmişəm. Təbdirlərin həyata keçirilməsində texniki işlərə baxırdım. Tender komissiyasının üzvü olmuşam, amma faəliyyətim olmayıb. Fondda avadanlıq alanda mən baxırdım. Tenderlə bağlı saytda və qəzetlərdə elan verirdik" - deyə, o bildirib.

Şahid vəkillərin suallarına cavab olaraq deyib ki, Vüqar Səfərli ona heç bir qanunsuz tapşırıq verməyib.

Daha sonra prosesdə ifadə verən şahid Samir Mustafayev isə deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda aparıcı məsləhətçi olub, fondda rəsmi yazışmalara, hesabatlara, təbdirlərin təşkilinə və qurumun mətbuat xidməti funksiyalarını yerinə yetirib.

"Vüqar müəllim rəhbərimiz olub, Nadir müəllimi də qiyabi tanıyıram. 2014-cü ildən fondda çalışmışam. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. İstintaqda mənə Hesablama Palatasının yoxlama ilə bağlı hazırlanan rəylə bağlı suallar veriblər. Mən də təsdiqləmişəm" - S. Mustafayev deyib.