Rusiyanın Qarabağda daha 5 il qalmaq PLANI


Siyasət 23 Noy 2021 12:19:00 127 0

Rusiyanın Qarabağda daha 5 il qalmaq PLANI

"Dekabrın 15-də nəzərdə tutulmuş görüşdən öncə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 26 noyabra nəzərdə tutulan görüşünə diqqətinizi çəkmək istərdim. Sülh sazişi məhz Rusiyanın vasitəçiliyi ilə baş tuta bilər və Putinsiz bu tarixi hadisəni təsəvvürümə gətirmirəm".

Bunu Son.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya Qarabağda daha 5 il qalmaq üçün Azərbaycanın bir sıra maraqlarını təmin edəcək:

"Razılaşaq ki, səs-küy və əsəblərimizə toxunmağından savayı Ermənistanın Qarabağa elə bir ciddi təsiri yoxdur. Qarabağda dialoq Azərbaycanla Ermənistan yox, Azərbaycanla Rusiya arasında gedir. Məncə, Rusiya Qarabağda daha 5 il qalmaq üçün Azərbaycanın bir sıra maraqlarını təmin edəcək. Yəni status məsələsinin qaldırmayacaq, Xankəndini Ermənistanla birləşdirəcək yeni yol Laçın dəhlizi kimi sahibsiz olmayacaq, Qarabağdakı erməni yaraqlılarının aqibəti ilə bağlı Azərbaycanı qismən razı sala biləcək addımların atılacağını da istisna etmirəm. Hətta sabah Azərbaycanın Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş istənilən erməniyə qarşı Rusiya nəzarətində olan ərazidə əməliyyat aparılsa belə Moskva buna göz yumacaq. Rusiya öz maraqlarını təmin etmək üçün çox hadisələrə hələ susacaq.

15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin nəzərdə tutulan görüşünə qayıtsaq, deməliyəm ki, o görüş humanist mövzuda bəyanatlarla yadda qalacaq və regionun infrastrukturuna Avropanın maliyyə ayırmasından başqa bu görüşdən nəsə gözləməyə dəyməz. 

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri noyabrın 26-da Soçidə görüşəcəkləri ilə bağlı iddialara gəldikdə isə, nəzərdə tutulmuş görüşdə iki dövlət arasında nəqliyyat dəhlizlərinin bərpasını təmin edəcək və sərhədlərin müəyyənləşməsi ilə bağlı öhdəliklər razılaşdırılacaq. 26 noyabr görüşündən bundan artıq heç nə gözləmirəm. Ziddiyyətlər çoxdur və yekun sənəddən danışmaq hələ tezdir". 

Təhməz Əsədov Son.az