Uşaqlarda göyöskürək. Valideynlər diqqətli olmalıdır!


Digərləri 23 Noy 2021 08:25:00 152 0

Uşaqlarda göyöskürək. Valideynlər diqqətli olmalıdır!

Göyöskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər.

Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göyöskürəkçox təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.

Uşaq xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Mikrob günəş şuaları, yüksək və aşağı temperaturların təsirindən asanlıqla məhv olur. Buna görə də göyöskürəyə tutulmuş xəstənin olduğu otağın xüsusi təmizlənməsinə ehtiyac olmur. Sadəcə, otağın havasını tez-tez dəyişmək kifayət edir. Xəstə uşağın oyuncaqlarını, qab-qacağını və digər əşyalarını sabunla yumaq lazımdır.

Uşaqlarda göyöskürəyə qarşı həssaslıq çox yüksəkdir. Ona görə də onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurun (bu peyvənd bütün uşaqlar üçün vacib olan peyvəndlər siyahısına daxildir). Peyvənd olunmuş uşaq göyöskürəyə tutulsa da, onu daha yüngül keçirir.

Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir. Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda göyöskürəyə yoluxa bilərlər.

Xəstəliyin başlanğıcı KRVİ-yə bənzəyir. Lakin KRVİ-də olan öskürək daha yüngül olur və tez keçib gedir. Göyöskürək zamanı isə öskürək artaraq davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman uşağın üzü qızarır, sonra göyərir, boynunda damarlar genişlənir, gözlər qanla dolur. Bəzən öskürək tutmasından sonra uşaqda qusma, qeyri-iradi sidik ifrazı, hətta qıcolmalar olur. Üzücü öskürəkdən sonra uşaq halsız, yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.