Tər vəziləri iltihabının təhlükələri


Digərləri 23 Noy 2021 07:11:00 129 0

Tər vəziləri iltihabının təhlükələri

İnsan orqanizmində tər vəziləri iki cür olur: ekkrin və apokrin vəzilər.

Ekkrin vəzilər bir başa dəri səthinə açılır və dəri örtüyünün hər bir sahəsində qeyd olunur. Apokrin vəzilər isə daha çox başda, qoltuq altında və qasıq nayihəsində olan tüklərin dibinə açılır.

Tər vəziləri iltihabı (hidradenit) zamanı apokrin tər vəziləri iltihablaşır. Əksər hallarda qoltuq altı nahiyəsində, daha nadir hallarda anal dəliyin, cinsiyyət orqanlarının ətrafında, baş dərisində yerləşən tər vəziləri iltihablaşır. Xəstəliyi əsasən stafilokokk, streptokokk, bəzən digər mikroblar törədir. Mikroblar bu nahiyəyə dəridə olan mikroçatlardan daxil olur. Belə mikroçatlar qaşınma, dərinin tüklərdən təmizlənməsi zamanı və s. hallarda əmələ gələ bilər. Digər tərəfdən mikroblar bura digər orqanlardan limfa və ya qan axını ilə düşə bilər.

Həddən artıq tərləmə də (hiperhidroz) bu xəstəliyin risk faktorudur - daim güclü tərləyən nəm dəridə müxtəlif virus, mikroblar və göbələklər sürətlə çoxalır.

Əksər hallarda hidradenit immun sistemi zəif olan, hormonal pozulmaları, dəri, endokrin xəstəlikləri (şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri və s.), artıq bədən çəkisi olan insanlarda inkişaf edir. İsti hava, gigiyena qaydalarına əməl etməməsi bu xəstəliyin inkişafına səbəb ola bilər. Dezodorantlardan süi-istifadə də hidradenitin inkişafına gətirib çıxarda bilər.

Ciddi hormonal dəyişikliklər dövrlərində (qadınlarda klimaks dövrü, yeniyetməlik dövrü) bu xəstəliyin inkişafının riski artmış olur.

Hidradenit qadınlarda kişilərlə müqayisədə daha tez-tez inkişaf edir. Məsələ burasındadır ki, qadınlarda kişilərə nisbətən daha çox tər vəziləri mövcuddur. Əksər hallarda hidradenit qoltuq altı nahiyəsində inkişaf edir, bir və ya ikitərəfli ola bilər.