İşçi qüvvəsinin çatışmazlığı Portuqaliya iqtisadiyyatının ənənəvi sahələrinin bərpasına təhlükə yaradır


Dünya 22 Noy 2021 22:15:00 85 0

İşçi qüvvəsinin çatışmazlığı Portuqaliya iqtisadiyyatının ənənəvi sahələrinin bərpasına təhlükə yaradır

İşçi qüvvəsinin çatışmazlığı Portuqaliya iqtisadiyyatının toxuculuq, ayaqqabı istehsalı, inşaat və mebel kimi ənənəvi sahələrinin bərpasına təhlükə yaradır. Bu problem yeni olmasa da, COVID-19 pandemiyasından sonra iqtisadi fəallığın bərpası fonunda güclənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Portuqaliyanın mebel sahəsi və əlaqəli sənaye assosiasiyasının (APIMA) icraçı direktoru Qualter Morqadonun sözlərinə görə, insan resursları çatışmazlığı bu sektorlarda kadrların yaşlanması səbəbindən böyük çətinliklərlə qarşılaşan sahələrin bərpasına təhlükə yaradır. Artıq bu problem ona gətirib çıxarıb ki, əməkdaşların olmaması səbəbindən onlarca şirkət böyük sifarişlərdən imtina edir. Portuqaliyanın ənənəvi məhsullarına bütün dünyada böyük tələbat var və həmin sahələrin rəhbərləri əldə etdikləri populyarlığı itirməkdən qorxurlar.

Avropa Komissiyasının məlumatına görə, Avropa sənayesinin avanqardda qalmasından ötrü növbəti onillikdə moda sektoruna 500 min yeni işçi tələb olacaq. Ənənəvi sektorun nümayəndələri bu problemin həlli yollarından birini əməkqabiliyyətli yaşda olan işsiz mütəxəssislərin aşkara çıxarılmasında, həmçinin işçilərin yenidən hazırlaşdırılmasına cəhd göstərən şirkətlər üçün uyğunlaşdırılan təlim mexanizmlərinin gücləndirilməsində görürlər.