7 şəhiddən birinin atası “Dedi, ata, səninlə hələ danışacağam...”


Digərləri 22 Noy 2021 18:30:00 98 0

7 şəhiddən birinin atası  “Dedi, ata, səninlə hələ danışacağam...”

"Noyabrın 16-sı bir neçə dəfə telefonuna yığdım, zəng çatmadı. Gecə saat 2-də şəhid xəbərini eşitdik". 

Son.az xəbər verir ki, bunu bizim.media-ya noyabrın 16-da Ermənistanın dövlət sərhədində növbəti təxribatının qarşısının alınması və döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Ümid Niftəliyevin atası Oruc Niftəliyev deyib.

Onun sözlərinə görə oğlunun şücaətliyi və qəhrəmanlıq tarixi ilə hər zaman qürurlanacaq:

"Vətən sağ olsun. Digər oğlum da 5 aydır hərbi xidmətdədir. Onların qürurlu yolu ata kimi məni çox qürurlandırır. Şəhid olmamışdan bir gün əvvəl danışdıq. Hava soyuq və dumanlı idi. Səsi zəif gəlirdi və tez-tez əlaqə qırılırdı. Cəmi 5-6 dəqiqə danışa bildik və oğlum "ata səninlə hələ danışacağam" deyib sağollaşdı. Sonradan telefonuna zəng çatmadı".  Ümid Niftəliyev 1998-ci il oktyabrında Naxçıvanın Nehrəm qəsəbsində dünyaya göz açıb.  2016-cı ildə Naxçıvanda Heydər Əliyev adına hərbi liseyini bitirib. Təhsilini bitirməmiş 44 günlük Vətən müharibəsinə yollanıb. Füzuli, Laçın və Kəlbəcər döyüşlərində qəhrəmanlıq göstərib. Savaş bitəndən sonra yarımçıq qalmış təhsilini sona yetirib. Oranı bitirəndən sonra yenidən cəbhə bölgəsinə üz tutub.

Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunan şəhid leytenant Ümid Niftəliyevin cənazəsi noyabrın 18-də muxtar respublikaya gətirilib.