Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır


Digərləri 28 Okt 2021 18:54:00 114 0

Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır

Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, 35 minlik qüvvə ilə keçiriləcək yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.

Xatırladaq ki, iki gün əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətə İraqda və Suriyada hərbi əməliyyatlar həyata keçirməyə icazə verən, 2 il qüvvədə olacaq qətnaməni təsdiqləyib. Neçə vaxtdır Suriyanın şimalında vəziyyət gərginləşməkdədir və Türkiyə hərbçilərinə qarşı artan hücumlara cavab olaraq Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurub. Bu hücumlara görə birbaşa Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kalonunun Türkiyədən Suriyanın şimalına keçməsi də təsdiq edir. Kalonda ən azı 100 vahid zirehli texnika, o cümlədən tanklar, artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri olduğu bildirilir. Hərbi texnika kalonu sərhədi keçəndən sonra İdlib bölgəsinin cənubuna, Cebel Əz-Zaviyə rayonuna istiqamət alıb.

"Bloomberg" agentliyi isə hökumət dairələrindəki mənbələrə istinadən oktyabrın 27-də Türkiyənin Suriyanın şimalına "yüzlərlə" hərbçi göndərdiyini də xəbər verib. "Türkiyə Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı çoxdan dayandırılmış hücumun bərpasına hazırlıq çərçivəsində ötən gecə ərzində Suriyaya yüzlərlə hərbçi yerləşdirib",-məlumatda deyilir.

Bundan əvvəl də Türkiyənin Suriyanın şimalına əlavə ordu qüvvələri cəmləşdirdiyinə dair xəbərlər və videokadrlar yayılmışdı.