Sloveniya lokdauna hazırlaşır: reanimasiyalar 92% dolub


Dünya 28 Okt 2021 18:06:00 170 0

Sloveniya lokdauna hazırlaşır: reanimasiyalar 92% dolub

Sloveniyanın səhiyyə naziri Janez Poklukar deyib ki, əgər səlahiyyətlilər COVID-19 koronavirusunun yayılmasını dayandıra bilməsələr, Sloveniyada karantin elan oluna bilər. Associated Press bu barədə yazıb. 

"Pandemiyanın əvvəlində qonşu İtaliyanı qorxu içində izlədik, amma indi peyvəndlərin aşağı səviyyəsinə görə özümüz çətin vəziyyətdəyik", - Poklukar deyib.

Son.az aviatravel.az-a istinadən bildirir ki, o qeyd edib ki, vəziyyət dəyişməsə, ölkədə karantin tətbiq oluna bilər. Son 24 saat ərzində Sloveniyada 3 mindən çox koronavirusa yoluxma qeydə alınıb. Ölkədə sonuncu dəfə bu ilin yanvarında belə yüksək sayda yoluxma halları aşkar edilmişdi.

Agentlik qeyd edir ki, hazırda Sloveniyada reanimasiya şöbələri 92% dolu olduğundan ölkə hakimiyyəti COVID-19 xəstələri üçün daha çox palata açmağı planlaşdırır.

Sloveniyada ümumilikdə 326 minə yaxın koronavirusa yoluxma halı və bu xəstəlikdən 4 mindən çox ölüm halı aşkar edilib. Əhalinin təxminən 53%-i peyvəndin hər iki dozasını alıb.