“Son dəfə soruşdum ki, məni sevirsən?”


Şou-biznes 28 Okt 2021 11:16:00 110 0

“Son dəfə soruşdum ki, məni sevirsən?”

Mərhum Xalq artisti Yaşar Nurinin  həyat yoldaşı Rəhimə Nuriyeva "Günün Sədası" proqramında qonaq olub.

Son.az olay-a istinadən xəbər verir ki, Rəhimə xanım aktyorun son günlərindən danışıb və bunları söyləyib:

"İllər keçdikcə Yaşarın xasiyyəti yumşaldı. Son illər tamamilə dəyişdi, onu tanıya bilmirdim. Məni həmişə yanında istəyirdi. Fikirləşirdi ki yanındayamsa, yaşayacaq. Mənə çox inanırdı, özünü rahat hiss edirdi. Son gün ona yaxınlaşdım, çox gözəl görünürdü. Ümumiyyətlə, Yaşarı insanların xəstə kimi görməsini istəmirdim. Yaşıma uyğun olmasa da, şıltaqlıq edirdim, gizlicə ağlasam da, onu hər şeyin yaxşı olduğuna inandırırdım.

Son dəfə soruşdum ki, məni sevirsən? Baxdı, dedi, ayıbdır. İsrar etdim ki, de. Qayıtdı ki, hə, sevirəm. Cavabından sonra pis oldum, üzündən öpdüm. Türkiyədə xəstəxanada olanda ona hər gün bir paltar geyindirirdim. Həm dövlətimiz, həm də ailə üzvlərimiz tərəfindən Yaşara diqqət-qayğı göstərilirdi. Axırıncı dəfə dedi ki, yorulmuşam, yatım. Uzandı, mən də oturdum. Sistemə baxanda gördüm ki, nəsə düzgün deyil. Tibb bacısına tapşırdım ki, halı pisləşsə, reanimasiyaya yerləşdirərsiz. Sonra çıxdım, çünki saat 10-a qədər icazə var idi. Evə narahat qayıtdım. Gecə zəng gəldi, qızım Ülkər cavab verdi. İlk zərbəni o, aldı. Mən də hiss etdim. Ev paltarı ilə qaçaraq getdik, baş həkim məni çağırdı. Gördüm, gözü yaşlıdır, dərman içir. Demə, əllərindən gələni etsələr də, Yaşarı sağalda bilməyiblər. Əlimdəki stəkanı özümdən asılı olmadan sıxıb qırdım. Dedilər, get görüş. Razı olmadım. Onu yaşadığı vaxtlardakı kimi xatırlamaq istəyirdim".