Koronavirusun AY.4.2 növü sürətlə yayıldığına görə risk qrupuna daxil olanların buster doza ilə peyvəndlənməsi vacibdir


Digərləri 27 Okt 2021 23:20:00 104 0

Koronavirusun AY.4.2 növü sürətlə yayıldığına görə risk qrupuna daxil olanların buster doza ilə peyvəndlənməsi vacibdir

"Yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni yayılmağa başlayan AY.4.2 növünü başqa adla "delta plus" ştamı da adlandırmaq olar. Bu növ "delta" variantının yeni mutasiyasıdır. Ümumiyyətlə bir virus dövr edib yoluxmağa davam etdiyi müddət ərzində təkcə bir ildə yüzlərlə mutasiyaya məruz qala bilər. COVID-19-un belə mutasiyalarından biri də AY.4.2-dir. Bundan əvvəl məlum olan "delta" ştamının sələflərindən daha yoluxdurucu olduğu kimi, AY. 4.2 növü də digərlərindən 20-25 faiz daha sürətlə yayılır. Ona görə də vətəndaşlar koronavirusdan qorunmaq üçün peyvənd mütləq vurdurmalı və gigiyenik qaydalara riayət etməlidirlər".

Son.az bildirir ki, tibb elmləri doktoru, professor Əlizamin Sadiqov AZƏRTAC-a koronavirusun AY.4.2 ştamı və buster dozanın əhəmiyyəti barədə danışıb.

Həkim-mütəxəssis bildirib ki, "delta plus" ştamı sələflərindən üç dəfə çox sürətlə yoluxdurur: "Sürətli yoluxma ağırlaşan xəstələrin və müvafiq olaraq da hospitalizasiya olunanların sayının artmasına səbəb olur. Belə olan halda, təbii ki, daha çox ölüm faktı qeydə alınır. "Delta" ştamının ölkədə yaratdığı epidemioloji vəziyyəti belə qiymətləndirmək olar. İndi isə buna əlavə olaraq "delta plus", yəni AY.4.2 növü geniş yayılıb. İlk dəfə İngiltərədə tapılan yeni növ Amerika və bir sıra Avropa ölkələrində, həmçinin qonşu Rusiyada da qeydə alınıb. Hazırda İngiltərədə COVID-19-la yoluxmaların 6 faizi məhz AY.4.2 növünün payına düşür. Onu da qeyd edim ki, yeni növlə digər ştamların xüsusi simptomatik fərqi yoxdur. Yəni, vətəndaşların xüsusi narahat olmasına əsas görmürəm, sadəcə olaraq diqqətli olmaq, kütləvi toplaşmalardan uzaq durmaq lazımdır. Məcbur olduğu halda isə, kütləvi toplaşmalar zamanı tibbi maska taxılmalı və sosial məsafə qorunmalıdır. Çünki "delta plus" ştamı, doğrudan da, sürətlə yayılır. Belə izah edim: ailə üzvlərindən birinin yoluxması digərlərinin yoluxmasına mütləq səbəb olur. Koronavirusun AY. 4.2 növü ilə yoluxan bir xəstə eyni zaman da 9 nəfəri də yoluxdura bilər. Klassik alfa variantı ilə yoluxmuş xəstə isə 2-3 nəfəri yoluxdururdu. İstənilən halda, virusun yeni mutasiyasının Azərbaycandakı epidemioloji vəziyyəti dəyişə biləcəyini hesab etmirəm. Sadəcə olaraq, diqqətli davranıb kütləvi toplaşmalardan mümkün olduğu qədər uzaq durmaq lazımdır. Valideynlər övladlarını vacib olmadıqda evdən çıxarmasınlar. Başa düşürəm, doğrudur ki, biz uzun müddət ictimai və sosial fəaliyyətlərdən qismən kənar qalmışıq. Lakin yenə də səbir etmək lazımdır. Yoluxma təhlükəsini artıracaq, kütləvi toplaşmaya səbəb olacaq vacib hesab edilməyən tədbirləri, fəaliyyətləri təxirə salmalıyıq. Vaksinasiya olunaraq, özümüzü və yaxınlarımızı qoruya bilərik. Hazırda koronavirusdan yeganə çıxış yolu peyvənd olunmaqdır. Panikaya düşmək lazım deyil, araşdırmalar sübut edir ki, peyvəndlərin xüsusi yan təsirləri yoxdur. Bir sıra hallarda gənclər yoluxduqları halda belə virusu yüngül keçirəcəklərini düşündükləri üçün vaksinasiyadan yayınırlar. Amma unutmaq olmaz ki, kimlərsə infeksiyanı ağır keçirməsə belə digərlərinə yoluxdura və onların xəstəliyinin kəskinləşməsinə səbəb ola bilərlər".

Professorun dediyinə görə, Azərbaycanda hazırda istifadə edilən bütün peyvənd növləri koronavirusun istənilən ştamına qarşı qoruyucudur: "Yəni, COVID-19 əleyhinə hazırlanmış istənilən peyvənd növü həmin törədicinin mutasiyalarını tanıya bilir. Qorunmaq üçün elə en yaxşı yol vaksinasiyadır. Hətta iki doza vaksin vurdurmuş şəxslərin bir qisminin buster doza ilə peyvəndlənməsini də məsləhət görürük, çünki iki doza peyvənddən sonra orqanizmdə yaranan immunitet vaxt keçdikcə zəifləyir və virusa qarşı daha həssas olur. Bu, risk qrupuna daxil olan vətəndaşların buster doza ilə peyvəndlənməsini zəruri edir".