Vətən müharibəsi qazisi: “Ona görə özümü şanslı adam hesab edirəm ki…”


Digərləri 27 Okt 2021 23:00:00 147 0

Vətən müharibəsi qazisi: “Ona görə özümü şanslı adam hesab edirəm ki…”

Vətən üçün axıtdığım qanı heç bir damcı da saymıram... Ona görə özümü şanslı insan hesab edirəm ki, həm ata, həm də ana babamın özlərinin şəxsi faciələri hesab etdiyi Qarabağ işğalına son qoyan Silahlı Qüvvələrimizin sıralarında, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüşmək qismətim olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Vətən müharibəsi qazısı, ehtiyatda olan kapitan Elvin Nağı oğlu Qəhrəmanlı deyib.

HAŞİYƏ:

Elvin Nağı oğlu Qəhrəmanlı indiki Ermənistan Respublikasının Amasiya rayonundakı Mağaracıq kəndində, müəllim ailəsində anadan olub, 1988-ci ildə kiçik yaşlarında ailəsi ilə birlikdə qaçqın kimi Azərbaycana gəlib və Sumqayıt şəhərində məskunlaşıb. Burada 25 saylı orta məktəbi bitirərək Azərbaycan İqtisadiyyat Universitetinə daxil olan Elvin ali təhsilini başa vurandan sonra fors-major situasiya ilə rastlaşır. Sumqayıt şəhər Hərbi Çağırış və Səfərbərlik İdarəsinə gələn çağırışçı hərbi tibb komissiyasından keçə bilmir. Məlum olur ki, uşaq vaxtı dizindən travma alan gənc iqtisadçı hələlik hərbi xidmətə yararlı deyil.

İntensiv müalicə və şəxsi iradənin qələbəsi

Üzləşdiyi fakt həqiqi hərbi xidmətə getmək istəyən Elvini ruhdan salmır və o, doğmalarının dəstəyi ilə intensiv müalicə kurslarından sonra mütəxəssislər tərəfindən hazırlanan xüsusi təmrinlərlə çalışır. Artıq 14 aydan sonra çağırış vərəqi almadan Hərbi Çağırış və Səfərbərlik İdarəsinə gələn Elvin təkrar olaraq hərbi tibb komissiyasından keçirilməsini tələb edir. Təkrar tibbi müayinənin nəticələri komissiya üzvlərini heyrətləndirir: çağırışçı Elvin Həsənov hərbi xidmətə tam yararlıdır..!

Beləliklə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda hərbi xidmətə göndərilən Elvin zabit ixtisas hazırlıq kursuna düşmək fürsəti qazanır. Kursu bitirdikdən sonra leytenant hərbi rütbəsi alan gənc zabitin hərbi xidmətində yeni mərhələ başlayır. Elvin Qəhrəmanlı nümunəvi zabit kimi seçilir, tərxis olunana qədər dəfələrlə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və hərbi hissə komandirliyi tərəfindən dəfələrlə təltif olunur.

İlk könüllülərdən biri

2020-ci ilin sentyabrın 27-də ölkədə elan olunan hərbi səfərbərliyin ilk günündə "Azərişıq"da nəzarətçi-mühəndis vəzifəsində çalışan Elvin Qəhrəmanlı Hərbi Çağırış və Səfərbərlik Xidmətinin Sumqayıt şəhər İdarəsinə gəlir, könüllü olaraq zabit kimi ordu sıralarında xidmətə yollanmaq istədiyini bildirir.

Bu dəfə Beyləqan rayonundakı N saylı hərbi hissədə tabor komandirinin müavini kimi hərbi xidmətə başlayır, Füzuli, Qubadlı, Zəngilan, Hadrut istiqamətlərində gedən döyüşlərin fəal iştirakçısına çevrilir.

Unuda bilmədiyi anlar

Hazırda ehtiyatda olan zabit, 3-cü qrup Vətən Müharibəsi əlili Elvin Qəhrəmanlı ilə söhbət edirik. Anası Ətirə xanımın və oğlu Erayın iştirak etdiyi söhbətimizdə o, heç zaman unuda bilməyəcəyi müharibədən, döyüş epizodlarından danışır: "Füzuli istiqamətində, ermənilərin "keçilməyən bunker" adlandırdıqları yerdə, "Ağ ev" deyilən ərazidə qarşı tərəfin qüvvələri ilə rastlaşdıq və 3 gün mühasirədə qaldıq. Onlar bizi ya məhv etmək, ya da əsir götürmək istəyirdilər və bu, xüsusi təyinatlılarımız gələnə qədər davam etdi. Döyüşlərdə şəhidlərimiz oldu, yaralılarımız vardı, mən özüm ayağımdan qəlpə yarası almışdım, lakin heç sonra da həkimlərə müraciət etmədim. Müharibənin qaydasıdır, nə qədər ayaq üstə dayanırsan, döyüş dostlarını tərk etməməlisən".

"Şansa inanıram..."

Elvinin döyüş yolu Füzulidən sonra Qubadlıya gedir. Həkəri çayının sahilində mövqelərini müəyyənləşdirərək mövqe tutan tabor qəflətən artilleriya atəşinin hədəfinə çevrilir. O, heç yaralandığı anları xatırlaya bilmir, "gözümü açanda özümü hospitalda gördüm"- deyir.

"Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif edilən Elvin Qəhrəmanlı şanslı adam olduğuna inanır: "Müharibəyə Sumqayıtdan bir qrup oğlanlarla getmişdik, amma getdiyimiz sayda geri qayıtmadıq. Yox, ona görə özümü şanslı saymıram ki, gələnlərin içində oldum, ona görə ki, düşmənin diz çökdüyünü gördüm. 30 ildən sonra Qubadlının, Laçının dağlarını ilk görənlərdən, bulaqlarından ilk su içənlərdən oldum, ən nəhayət, qanım müqəddəs torpaqlarda töküldü...".

"Qürur duyuram ki, oğlum Qarabağdan qalib qayıtdı"

Bu sözləri isə Vətən müharibəsinin qazisı Elvin Qəhrəmanlının anası Ətirə Kazım qızı Novruzova deyir. Qazi anası Elvinin ailənin tək oğlu, özününsə üç uşaq atası olmasına baxmayaraq ilk könüllülərdən olduğunu təkrar-təkrar dilə gətirir, fikrini bir cümlə ilə ifadə edir: "Qürur duyuram ki, oğlum Qarabağdan qalib qayıtdı...".