Göygöl təbiətin füsunkar hədiyyəsi FOTO


Digərləri 10 Okt 2021 21:30:00 263 0

Göygöl  təbiətin füsunkar hədiyyəsi  FOTO

Göygöl qoruğuna, səfalı Göygöl gölünə səyahət Azərbaycanı başqa yöndən kəşf etməyə kömək edir. Göl və eyniadlı milli park ecazkar təbiəti və heyrətamiz mənzərələri ilə məşhur olan Odlar ölkəsinin ən gözəl yerlərindən biridir.

Son.az aviatravel.az-a istinadən bildirir ki, XII əsrdə Gəncə şəhərinin yaxınlığında baş vermiş dağıdıcı zəlzələ yüz min insanın həyatına son qoydu. Təbii fəlakət Kəpəz dağının zirvəsini uçurdaraq Ağsu çayının dərəsinin qarşısını kəsdi. Beləcə zəlzələnin məhvedici gücü möhtəşəm guşəni - Göygöl gölünü əmələ gətirdi və sanki səmadan düşmüş göyümtül gölləri - Maralgöl, Qaragöl, Zəligöl, Şamilgöl və s. -  valehedici formada yerə səpdi.

Göygöl ölkənin dağ gölləri cərgəsində elə bil nişan üzüyünün qiymətli daşıdır. O, ağacların arxasından suyun açıq-göy güzgüsü kimi bərq vuraraq qəfildən üzə çıxır. Əzəmətli Kəpəz dağı əsrlər boyu onun dincliyinin keşiyində dayanır. Kəpəz Göygölün şəffaf səthinin üzərində əlçatmaz sədd kimi ucalır. Göy yaqutlu (sapfirli) çeşmə heyrətamiz şəffaflığı ilə özünə cəlb edir: gölün suyu büllur kimi təmizdir, onun 8-10 metr dərinliyi yaxşı görünür. Gölün maksimum dərinliyi 96 metrdir.

Gölə gedən yol sonu görünməyən dolambac yollardan keçir. Bu mənzərə gerçəklik hissini itirəndə sürrealist (qeyri-real) təbiət təsviri yaradır. Buranın hər bir kvadratmetr sahəsindəki rənglərin və alınan təəssüratların toplusu artıqlaması ilədir. Meşə ətri ilə dolu olan dağ havası insanın başını hərləndirir. Buranın hündürlüyü dəniz səviyyəsindən 1000 metrdən artıqdır.

Göyərən geniş sahələrin arasında Maralgöl məskunlaşıb. Bura Göygölə baş çəkən turistlərin yolunda növbəti dayancaqdır. Gölün həcmi kiçik olsa da bir çox səyahətçinin ürəyini fəth edir. Sıx yaşıl ağaclar rənglərin coşğunluğu ilə heyrətə salır. Maralgöl kifayət qədər dərin göldür, onun suyu göy və zümrüd rəngli çalarlarla bərq vurur, o şəffafdır, dərinliyi isə aydın şəkildə görünür.