2021 mədəniyyətimizdən kimləri aldı?


Digərləri 07 Okt 2021 23:57:00 194 0

2021 mədəniyyətimizdən kimləri aldı?

Deyirlər ki, ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır. Hansı yaşda yaxalamağından asılı olmayaraq, hər zaman erkən görünən ölüm bizi düşünməyə də vadar etməlidir. Özümüzdən sonra nə kimi izlər qoyacağıq?

Son.az metbuat.az-a istinadən bildirir ki, bu gün elə məhz onlardan yazacağıq. Azərbaycan mədəniyyətində özünəməxsus iz qoyan, 2021-ci ilin isə bizdən aldığı o məşhur simalardan.

Tahir Salahov

Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti. 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir.

20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Ramiz Əzizbəyli

Azərbaycan kino rejissoru, aktyor və Azərbaycanın xalq artisti (2008), professor. 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Fikrət Qoca

Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Arif Quliyev

Aktyor, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti. 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Yalçın Rzazadə

Məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikası Xalq artisti. 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.

Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat etmişdir. Lənkəran rayon, Liman şəhərində dəfn olunub.

Eldar Quliyev

Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti. 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

İnfark keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat etmişdir. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Yaqub Zurufçu

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəldi.

Yaqub Zurufçu14 sentyabr 2021-ci ildə 65 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.

Nailə Mirməmmədli

Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir.

Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Zöhrə Abdullayeva

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir.

Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Xırdalanda dəfn olunmuşdur.

Baloğlan Əşrəfov

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.

26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Səyyad Əlizadə

Azərbaycanın məşhur müğənnisi. 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, "Bəyaz gecələr", "Gül ki" mahnıları ilə xalqın sevgisini qazanmışdır.

Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.

Səməd Səmədov

Müğənni, Azərbaycan Respublikasının Xalq artisti. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib.

24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Aslan Hüseynov

Azərbaycanın məşhur müğənnisi. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat qəzasında vəfat etmişdir. Gəncədə anasının məzarının yanında dəfn edilib.