Hormonal preparatlar haqqında bilmədikləriniz


Digərləri 07 Okt 2021 06:05:00 178 0

Hormonal preparatlar haqqında bilmədikləriniz

Hormonal preparatların həkim tərəfindən təyin olunması əksər insanlarda qorxuya səbəb olur.

Tərkibində hormonlar olan dərmanlar haqqında müxtəlif şəiyələr gəzir. Bu şəyalərin əksər hissəsinin həqiqətlə heç bir əlaqəsi yoxdur.

1. Hormonal müalicə bir çox xəstəliklər və pozulmalar zamanı istifadə olunur. Məsələn, şəkərli diabetin 1-ci tipində xəstəyə insulin (mədə altı vəzi hormonu) təyin olunur.

Qalxanvari vəzi fəaliyyətinin azalması zamanı xəstəyə çatışmayan qalxanvari vəzi hormonları (baqotiroks, eutiroks və s. preparatlar) təyin olunur. Bəzi qalxanvari vəzi xəstəlikləri zamanı vəz qismən və ya tam şəkildə xaric olunur. Bu halda xəstəyə mütləq şəkildə qalxanvari vəzi hormonları təyin olunur, və xəstə bu hormonları ömrünün sonuna kimi qəbul edir.

Müxtəlif ağır iltihablar (meninqit, pnevmoniya, peritonit və s.), allergik xəstəliklər və reaksiyalar zamanı (bronxial astma, udlaq ödemi, dərman preaparatların qəbulundan sonra inkişaf edən allergik reaksiya və s.), şok zamanı (travmadan, yanıqdan və s. sonra) deksametazon (böyrəküstü vəzi hormonu) təyin olunur. Deksametazon bir çox göz damcıların tərkibinə daxildir.

Böyrəküstü vəzi hormonları (kortizon və hidrokortizon) prednizalon preparatın tərkibinə daxildir. Bu preparat da iltihab, allergiya, şok əleyhinə təsir edir.

Qadında müxtəlif səbəblərə görə yumurtalıqlar və uşaqlıq cərrahi yolu ilə xaric olunduqda, qadının orqanizmində qadın hormonların səviyyəsi kəskin enir və bu müxtəlif pozulmaların inkişafına yol açır. Bu səbəbdən belə əməliyyatlardan sonra qadına xüsusi hormonal müalicə (çatışmayan qadın hormonları) təyin olunur.

Bəzi qadın sonsuzluğu formalarında qadınlara hormonal müalicə təyin olunur.

Bəzi kişi sonsuzluğu formalarında spermanın keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə kişilərə kişi hormonları təyin olunur.

2. Hormonal preparatlar, bütün digər preparatlar kimi, yalnız həkim tərəfindən və yalnız lazım olan müayinə və analizlərdən sonra təyin olunur. Hormonal preparatların dozası və bir çox hallarda qəbul vaxtı həkim tərəfindən dəqiq şəkildə təyin olunur. Xəstə həkimin tövsiyələrinə dəqiq şəkildə riayət etməzsə, dərmanın təsiri azalacaq və ya dərman heç təsir etməyəcək. Belə ki, hormonal kontraseptiv preparatları (hamiləlik əleyhinə preparatlar) dəqiq qəbul etməyən qadın (həb hər gün eyni vaxtda qəbul olunmalıdır), hamilə qala bilər.

Hormonal preparatların dozasını həkimin məsləhəti olmadan artırmaq və ya azaltmaq olmaz. Bu xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxarda bilər.

3. Tərkibində qadın hormonları olan preparatların bir hissəsi hamiləliyin qarşısını alır, digərləri isə əksinə qadında pozulmuş hormonal fonu normallaşdıraraq hamiləliyin baş tutmasına kömək edir.