Paytaxtda daha bir küçə təmir edilib


Digərləri 05 Okt 2021 16:54:00 115 0

Paytaxtda daha bir küçə təmir edilib

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.​

Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, 6 hərəkət zolaqlı olmaqla, eni ortalama 25 metr təşkil edən Ceyhun Səlimov küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, ehtiyac olan hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da küçənin sözügedən hissəsində səkilərin sahəsi 2200 kv.m-dən 3870 kv.m-dək artırılıb, küçəyə 3 min p/metrə qədər yeni səki daşları düzülüb.

​Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yol ayrıcıları da tam olaraq yenidən inşa edilib.

Ümumilikdə 16 min 820 kv.m sahənin asfaltlanma işləri aparılıb.

Layihəyə uyğun olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.