Azərbaycan möcüzəni reallaşdırır


Siyasət 05 Okt 2021 13:15:00 119 0

Azərbaycan möcüzəni reallaşdırır

"Baxmayaraq ki, Azərbaycan da pandemiyadan əziyyət çəkir, pandemiya dövründə müəyyən maliyyə resurslarında azalma müşahidə olunur, bütün bunlara baxmayaraq Azərbaycan var gücü ilə bütün resurslarını Qarabağı dirçəltməyə sərf edir".

Bunu Son.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Azərbaycan göstərir ki, münaqişə bitib, müharibə bitib və biz quruculuq mərhələsindəyik:

"Azərbaycan işğaldan azad olunan ərazilərdə belə qısa zamanda apardığı sürətli bərpa-quruculuq, yenidənqurma işləri ilə bütün dünyaya göstərir ki, ermənilərin 30 il işğalda saxladığı o torpaqlar bu illər ərzində viran vəziyyətdə idi, bir daşı da daş üstə qoymamışdılar, olan qalan daşını, kərpicini də söküb, aparıb İrana, digər ölkələrə satsalar da, onlardan fərqli olaraq biz bu torpağı özümüzünkü bilirik, bura investisiya yatırırıq, öz vəsaitimizi sərf edirik, çünki biz öz əhalimizi o ərazilərə köçürəcəyik, Azərbaycan vətəndaşları ora geri qayıdacaqlar, bu torpaqlar bizə adiddir.

İkinci mesaj isə odur ki, Azərbaycan düz sərhəd yaxınlığında - Suqovuşanda, Cəbrayılda, Şuşada və digər ərazilərdə quruculuq işləri, infrastruktur layihələri ilə məşğuldur. Bununla açıq şəkildə göstəririk ki, münaqişə bitib, müharibə bitib və biz quruculuq mərhələsindəyik. Ona görə də əgər kimsə münaqişəni canlandırmağa, yenidən status-kvoya qayıtmaq istəyirsə Azərbaycan açıq şəkildə o qüvvələrə mesaj verir ki, biz münaqişəni bitmiş hesab edirik. Bu müharibədə biz qalib gəlmişik və savaş bitib, biz artıq quruculuq işləri ilə məşğuluq. 

Üçüncü məsələ odur ki, biz bu meqaquruculuq layihələri ilə göstəririk ki, Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər yenidən Azərbaycanın tərkibində yaşamaq istədikləri təqdirdə, Azərbaycanın administrativ idarəçiliyini qəbul etdiyi müddətdə biz Xankəndində, Xocalıda, Xocavənddə da eyni infrastruktur layihələri icra edəcəyik. Biz o ərazilərə də qaz, elektrik xətləri çəkəcəyik, yol infrastrukturu quracağıq, su anbarları yaradacağıq. Bakı işğaldan azad edilən ərazilərdə apardığı sürətli tikinti, bərpa işləri ilə bir tərəfdən də bunu göstərir. 

Bundan əlavə, bəzi infrastruktur layihələr də var ki, bunlar Azərbaycan üçün strateji və hərbi əhəmiyyətə də malikdir. Məsələn, Zəfər Yolunun çəkilməsi, Hava limanlarının tikintisi, tunellərin salınması və s.

Nəzərə alaq ki, Qarabağ zonası əhalisi boşaldılmış ərazilərdir. Qaçqın və məcburi köçkünlər vaxtı ilə doğma yurd-yuvasından didərgin salınsalar da o ərazilərdə Ermənistan əhalisi yaşamırdı. Ona görə də orada böyük, bərəkətli torpaqlar, çaylar, meşələr var, hansı ki, xam torpaq kimi istifadəyə yararlıdır. Ona görə də biz o yerlərə böyük resurslar cəlb edib dirçəldə bilərik. Həm də əhalinin yenidən həmin ərazilərə qaytması üçün orada müəyyən infrastruktur, iş yerləri olmalıdır. Buna görə də indi sırf Araz Vadisində "Azad İqtisadi Zonası"nın yaradılması, fərqli satış müəssələrinin qurulması, ticarət üçün şəraitin yaradılması həm də bununla bağlıdır ki, artıq əhali həm bu imkanlara görə ora köçsün, həm də həmin insanlar orada özlərinə bir məşğulluq tapsınlar. Bütün bu amillər qarşılıqlı şəkildə bir-biri ilə bağlıdır. Yəni nə qədər çox iş olarsa, nə qədər çox layihələr olarsa, əhali o qədər çox köçəcək və əhali nə qədər köçəcəksə onlara yeni infrastruktur, yeni başqa xidmətlər lazım olacaq. Azərbaycan dövləti hazırda bütün bunların hamısını kompleks şəkildə həyata keçirir".

Təhməz Əsədov Son.az