Telman İsmayılovun YÜKSƏLİŞİ və İFLASI:


Dünya 04 Okt 2021 19:24:00 187 0

Telman İsmayılovun YÜKSƏLİŞİ və İFLASI:

Oktyabrın 1-də axşam saatlarında Monteneqronun kütləvi informasiya vasitələri Podqoritsada Rusiyanın orderi ilə Moskvadakı "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun saxlanılması ilə bağlı xəbərlər yaydı.

İsmayılov kimdir və nəyə görə axtarışa verilmişdi?   Lent.az xəbər verir ki, Telman İsmayılovun xüsusi təqdimata ehtiyacı yoxdur: o, tarixdə "Forbes"in reytinqi üzrə iflasa uğramış ilk dollar milyarderi, Moskvanın mərhum keçmiş meri Yuri Lujkovun dostu idi. Telman İsmayılov artıq bağlanan "Çerkizov" bazarından başqa Rusiya paytaxtındakı digər bazarların da sahibi olub. 

Bu bazarlar hesabına qazandığı pul hesabına dünyanın ən bahalı otellərindən birini - "Mardan Palace"ni Türkiyədə tikdirmişdi. Onun dəyəri 1 milyard dollar qiymətləndirilirdi.

İsmayılov Rusiyanın güc strukturlarından 4 ildən çoxdur gizlənirdi.

2017-ci ildə Rusiya müstəntiqləri Telman İsmayılova qarşı "iki və ya daha çox insanın qəsdən öldürülməsi" maddəsi ilə cinayət işi qaldırıb. Söhbət 8 nəfərin ölümündən gedir. Bundan başqa, o, "Adam oğurluğu", "Qanunsuz silah alveri" və "Cinayətkar birliyin təşkili" maddələri ilə də ittiham olunur.

Məsələn, o, Moskvada iki iş adamının qətlində günahlandırılır. Başlarından vurularaq öldürülən iş adamlarının meyitləri yolun kənarındakı "Cip"in içərisində tapılmışdı. İstintaq versiyasına görə, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun öldürülənlərdən birinə 5,5 milyon dollar borcu olubmuş. Telman isə killerə "problemi" və şahidi məhv etmək əmri veribmiş.

"Çerkizov" bazarının keçmiş sahibi eləcə də Koptev mütəşəkkil cinayətkar qrupunun 6 üzvünün məhvini sifariş verməkdə günahlandırılır. Guya onlarla ticarət obyektlərini bölüşdürə bilmirmiş Daha bir zərərçəkən tanınmış pop ifaçı Avraam Russodur. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, bir zamanlar iş adamının sevilən müğənnisi bir dəfə atəşə tutulub, döyülüb və oğurlanıb.

Rüsvay olmuş iş adamına yalnız qiyabi ittiham irəli sürülüb; Rusiyadan qaçmağı bacarıb. İttiham aktlarına görə, onu ömürlük həbs cəzası gözləyir.

İndi uzun bir ekstradisiya proseduru var. Rusiya ilə Monteneqronun ayrıca hüquqi yardım müqaviləsi yoxdur. 1962-ci ildə SSRİ ilə Yuqoslaviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında müqavilə imzalanıb və rəsmi olaraq qüvvədədir. Buna baxmayaraq, Monteneqro cinayət törətməkdə şübhəli bilinənləri Rusiyaya təhvil verir. Məsələn, 2021-ci ilin iyulunda Puşkin adına Leninqrad Dövlət Universitetinin keçmiş rektoru, eləcə də keçmiş senator Vyaçeslav Skvortsov Rusiyaya təhvil verilib. O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Ekstradisiya ilə bağlı danışıqlar Baş Prokurorluğun xüsusi bölməsi - beynəlxalq hüquqi əməkdaşlıq tərəfindən aparılır. Baş Prokurorluğa Monteneqro səlahiyyətlilərindən müsbət cavab gələrsə, Federal Penitensiar Xidmətə (FSIN) bir əmr veriləcək, konvoy təyinat yerinə gedəcək və İsmayılovu Rusiyaya təhvil verəcək. Telman İsmayılov əvvəlcə Türkiyədə, özünə məxsus "Mardan Palace" otelində gizlənirdi. Ancaq tezliklə Türkiyə müfəttişlərinin sualları ortaya çıxdı. Onların fikrincə, İsmayılov Rusiya kriminal dairələrində tanınan "qanuni oğru" Rövşən Canıyevin öldürülməsində iştirak edib. Həbs olunmaqdan və ya Rusiya səlahiyyətlilərinə təhvil verilməsindən qorxan Telman, otelini İstanbul bankına cəmi 124 milyon dollara satıb və özü də tələsik Monteneqroda kirayə qaldığı bir villaya köçüb.

İsmayılovun qanını təkcə müstəntiqlər deyil, maliyyəçilər də qaraldacaq. Onun iflas etdiyi və VTB-nin törəmə bankı BM-Banka milyardlarla borcu olduğu bildirilir. Kreditorun iddiasına görə, Nevada məhkəməsi Las-Veqasda İsmayılova məxsus Craig Valley Plaza ticarət mərkəzini həbs edib. ABŞ-da cinayət təqibi ilə bağlı əsl təhlükə ilə üzləşmişdi. O, kredit mənimsəməkdə və Amerika hesablarından vəsait çıxarmaqda şübhəli bilinir. Məhkəmə icraçıları onun pulunu axtarırlar.