Qəbələdə iki kəndə gedən yolu su basıb


Digərləri 04 Okt 2021 17:18:00 96 0

Qəbələdə iki kəndə gedən yolu su basıb

Qəbələ rayonunda Solqıca və Dandıx kəndlərinin sakinləri çətin vəziyyətlə üzləşiblər. Çünki təxminən bir həftə əvvəl Qaraçay çayına gələn sel nəticəsində sözügedən kəndlərə gedən yol su altında qalıb. Güclü yağışlar çayın məcrasının dəyişməsinə səbəb olub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün bundan əvvəl yağan güclü yağışlar selə səbəb olub və Qaraçay çayının yatağı genişlənib. Nəticədə məcrasından çıxan çay 2 kəndə gedən yolu yuyub. Bu isə sakinlərə ciddi problem yaradır.

Qəbələ rayonunun mərkəzindən 35 kilometr məsafədə yerləşən Solqıca və Dandıx kəndlərinə aparan yolda gediş-gəliş mümkünsüz olub.

Minik avtomobili çayın yatağında qalıb. Onu yalnız kiçiktutumlu yük maşını ilə dartıb ərazidən çıxarmaq mümkün olub.

Çayın istinad divarları və körpüsü yoxdur. Sel gələn kimi çaydan keçən hissədə elektrik dirəkləri aşır və nəticədə kənd işıqsız qalır.

Məsələ ilə bağlı Solqıca kənd icra nümayəndəsi İldrım Əhmədov bildirib ki, problemdən xəbərdardırlar. Hazırda yolun bərpası üçün əraziyə texnikalar gətirilib. Çayın yatağında bərkitmə işləri aparılır. Vurğulanıb ki, problemin birdəfəlik həlli üçün körpü və ya istimad divarının tikilməsi lazımdır.