2 qorxu və 2 təhlükəsizlik bir yerdə olmaz


Digərləri 03 Okt 2021 21:50:00 135 0

2 qorxu və 2 təhlükəsizlik bir yerdə olmaz

Xof və xəşiyyət sözünün hər ikisinin mənası qorxu deməkdir. Lakin xəşiyyət dedikdə ehtiramla və təzimlə bir yerdə olan qorxu nəzərdə tutulur.

Mühəqqiq Tusi deyir: "Xəşiyyət və xof baxmayaraq ki, lüğətdə qorxu mənasını verir, lakin ariflərin yanında fərqli mənada işlənir.

Xof - cəzaya görə olan daxili bir narahatlıqdır ki, insan düçar olduğu günaha və itaətsizliyə görə onu gözləyir. Bu hal insanların əksər hissəsində meydana gələr. Baxmayaraq ki, dərəcələri müxtəlifdir, onun ali dərəcəsi yalnız ən az insanlar üçün hasil olar.

Amma xəşiyyət elə bir haldır ki, Allahın əzəmətini və heybətini dərk edən zaman feyzindən qorxu kimi insanda hasil olur. Bu hal ancaq o kəslərdə hasil olar ki, Allahın pak zatına qarşı elmləri vardır və böyük məqamından agahdırlar. Onun qürb ləzzətini dadıblar. Elə ona görə də Quran bu halı xüsusi alimlərə şamil etmişdir. "Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar". ("Fatir" 28)".

Bəli, Allah qorxusu - ürəyin məhsuludur. Qorxan insan bu halı ilə İlahi rizvana diqqət edər və onun vasitəsilə pərvaz edər. Qorxan insan Allahın vədələrini bilir. Əməldə nəfsani istəklərdən çəkinər. O kəs ki, Allaha bəndəlik edər, qorxu tərəzisində yolunu azmaz, məqsədə çatar. İnsan o zaman qorxmaz ki, aqibətindən agah olmaz. Bilməz ki, əməl dəftəri yüngüldür, yoxsa ağır.

Qorxu - əgər həqiqi qorxu olarsa, nəfsi öldürər. Qorxan insan həm keçmiş və həm də gələcək qorxularının arasında qalar. O zaman ki, nəfsi həvəslərdən ölər, ürəyi həyat əldə edər. Nəticədə ürəyində rica məqamına çatar.

Qorxunun dərəcələri vardır:

1. Allahın məqamından qorxmaq, Qiyamət günü hesab və Onun qarşısında dayanmaqdan qorxmaq.

2. Allahın elmi məqamından qorxmaq. Bu ayənin buyurduğu kimi: "Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar...". ("Rəd" 33).

3. Allahdan cəhənnəm əzabına görə və ya behişt nemətlərinə tamaha görə deyil, məhz məqamına görə qorxmaq. Allahın məqamı deyildikdə, ədaləti nəzərdə tutulur. Çünki müqədddəs zatı qorxu mənbəyi deyildir. Bəlkə ədalətinin qorxusudur. Ədalət qorxusu isə insanın əməlinə qayıdar. Çünki o kəs ki, pakdır, hesaba çəkilməkdən niyə qorxsun ki?