Əməllər niyyətlərinə görədir


Digərləri 03 Okt 2021 20:40:00 195 0

Əməllər niyyətlərinə görədir

Dünya gec və ya tez sona çatacaqdır. Biz gərək səfər tədarükündə olaq. Bu dünyada malik olduqlarımızın hamısı burada qalacaqdır. Bizimlə o biri dünyaya ancaq saleh əməllərimiz gedəcəkdir. Bu, elə bir rəfiqdir ki, çox gözəl simalıdır və gözəl danışağa malikdir. Əməllərimizin saleh olması üçün niyyətimizin xalis olması lazımdır. Çünki əməl hər nə qədər yaxşı olarsa- olsun, o zaman Allahın razılığını qazanar ki, niyyəti xalis olar.

Əgər o əməldə riya varsa, Allah dərgahında heç bir dəyəri olmaz. Qiyamət günü dərdimizə dava olmayacaqdır.

Peyğəmbəri-Əkrəm (s) hər nə etmişdirsə, Allah üçün və Onun razılığını qazanmaq üçün etmişdir. Bu haqda belə buyurur: "Ey insanlar! Əməllər niyyətlərinə görədir. Həqiqətdə hər kəs üçün o şeydir ki, niyyət edər. Ona görə də hər kəsin ki, hicrəti Allaha və Rəsuluna (s) görə olarsa, Allah və Rəsuluna (s) tərəf hicrət etmiş olar. Hər kimin hicrəti dünyada bir şeyə çatmaq, ya evlənmək, ya qadın üçün olarsa, hicrəti niyyəti etdiyi elə həmin şeyədir".

İmam Əli (ə) buyurur: "Hər kimin niyyəti yaxşı olarsa, tofiq onun həmdəmi olar". Əgər insan bir işi Allaha xatir və Onun rizası üçün edərsə, qəlbində yəqinlik yaranar. Yəqinlik əldə edər ki, Allah ona buna görə yardım edəcəkdir. Onun üçün çətinlikləri həll edəcəkdir.

İmam Muhəmməd Baqir (ə) buyurur: "Nə zaman Allah Təala bir nəfərdə hüsni niyyət görərsə, onu Öz pənahında saxlayar".