Anesteziyadan hansı fəsadlarına görə


Digərləri 03 Okt 2021 20:05:00 85 0

Anesteziyadan hansı fəsadlarına görə

"Anesteziya yaddaşımı pozub", "Anesteziya əsəblərimi korlayıb, yaddaşım itib", "Anesteziya ömrümdən ən az 5 ilimi alıb", "Ürəyim zəifləyib" və s. kimi cümlələri əməliyyat keçirmiş insanlardan eşitmişik. Amma o insanlardan heç biri ağrının sağlamlığa çox, hətta lap çox təsir edə biləcəyini, ona dözməyin mümkünsüzlüyünü qeyd etmir.

Anesteziya nə deməkdir?

Anesteziya süni şəkildə yaranan və geri dönmə qabiliyyəti ilə xarakterizə olunan şüur itkisidir. Anesteziya zamanı xəstənin ağrı hissi ilə əlaqəli əzabları aradan götürülərək əməliyyat idarə olunur. Bu, sinir sisteminin tam bir depressiyasıdır. İnsan nəfəs alma qabiliyyətini itirir, buna görə də süni ventilyasiya tələb olunur. Anestezioloq insanın fərdi xüsusiyyətlərinə əsaslanaraq optimal dərman dozası seçərək proseduru icra edir. Lokal (yerli) anesteziyada bədənin yalnız müəyyən hissəsinin həssaslığı itmiş our. Çox vaxt əməliyyat olunacaq insan əməliyyatdan daha artıq anesteziyadan narahatlıq hiss edir. Bu narahatlıqlar anesteziya haqqında bir çox şaiyə, şərh, yalnış bilgiyə görə yaranır. Anesteziyanın insan orqanizminə necə təsir etməsini araşdıracağıq.

Anestezioloqun müdaxiləsi əməliyyat zamanı xəstəni ağrıdan azad etmək, həm də narahatlıq olmadan normal və şüursuz vəziyyətinə keçməyi təmin etmək məqsədi daşıyır.

Alimlərin araşdırmalarına görə, ümumi anesteziyadan sonra əksər hallarda bulantı, qusma, boğaz və baş ağrısı, orientasiya itkisi, yüngül konvulsiv sindromlar, qaşınma, titrəmə, bel və kürək ağrısı, əzələ ağrıları qeyd olunur və qısa müddətdən sonra keçib gedir. Daha uzun müddət (bir neçə ayadək) davam edə bilən əlamətlərə panik atak, yaddaşın itirilməsi, nəbz sayının dəyişməsi, böyrək və qaraciyərin işində yaranan pozulma aid edilir. Bütün bu fəsadlar əməliyyatdan bir il sonra yox olur. Yəni bir çox insanların anesteziydan uzun illər əzab çəkdiyi və anesteziyanın onun sağlamlığına hələ də mənfi təsir etdiyi fikirlər özünü doğrultmur. Belə qərəzli fikirlər monoanesteziya illərindən qalmışdır. Daha doğrusu, xloroform istifadəsindən sonra yaranmışdır. Hazırda anesteziya çox komponentlidir. Yəni bir neçə dərman fərqli məqsədlər üçün istifadə olunur. Ağrıkəsici effekt  analgetiklər, əzələ yumşalması üçün miorelaksantlar, yuxu üçün hipnotiklər tətbiq edilir.

Anesteziyadan sonrakı dövr haqqında bilməli olduqlarımız

Ağrı Ümumi anesteziya bitdikdən sonra əməliyyat nahiyəsində ağrı hiss etmək mümkündür. Müasir tibb protokollarına görə belə halda xəstəyə mütləq şəkildə ağrıkəsicilər təyin olunur.

Bulantı Anesteziyanın çox yayılmış bir nəticəsidir, təxminən 30% xəstələrdə rast gəlir. Bulantı riskini azaltmağa kömək edəcək bir neçə ipucu: əməliyyatdan sonrakı ilk saatlarda aktivlik etməməli, sonra bir qədər oturaraq ayağa qalxılmalıdır; əməliyyatdan dərhal sonra su və qida qəbulundan çəkinilməlidir; təsirli bir ağrıkəsici istifadəsi vacibdir, çünki şiddətli ağrı bulantıya səbəb ola bilər; yavaş nəfəs alıb-vermə bulantı hissini azalda bilər.

Boğaz ağrısı

Anesteziyadan oyanma mərhələsində intubasiya borusu xoşagəlməz bir narahatlıq və boğaz ağrısına səbəb ola bilər. Sakit olmaq, düzgün nəfəs almaq və anestezioloqun bütün göstərişlərinə əməl etmək lazımdır. Danışarkən və ya udqunanda boğazda bir neçə saat diskomfort qala bilər. Bəzən iki günədək çəkir. Əgər keçməzsə, həkimlə əlaqə saxlamaq gərəkir. Boğaz ağrısı yalnız anesteziyanın təsiridir.

Titrəmə Əməlyyatdan sonra yaranan titrəmə çox rast gəlinən əlamətlərdəndir. Orqanizm üçün təhlükə yaratmasa da, ümumi narahatlığa səbəb olur. Təxminən 20-30 dəq. davam edir. Belə titrəmələr epidural və spinal anesteziyadan sonra da müşahidə oluna bilər. Ayaqaltı isidicilər, isti örtüklə tez aradan qalxır.

Hissi pozğunluq

Anesteziya zamanı sinirlərin yataqlarında sıxılması mümkün olduğundan hissi pozulmaya gətirib çıxara bilər. Spinal və ya epidural anesteziya altında edilən əməliyyatdan sonra bir neçə saat ərzində ayaqlar duyğu hissini itirəcək. Hətta sidik kisəsinin boşalması da çətinləşərsə, sidik kateterinə ehtiyac duyulur.

Başgicəllənmə