Quran niyə müxtəlif cür təfsir edilir?


Digərləri 03 Okt 2021 19:55:00 119 0

Quran niyə müxtəlif cür təfsir edilir?

Təfsir - zehin və fikir işidir. Bir çox məchulları aşkar etmək üçün hərəkət edər. Təfsir ancaq Quran ayəsinə aid bir elm deyildir, bəlkə hər hadisəni və ya hər kəlamı təfsir etmək olar.

Təfsirin mənası mövzunun aydınlaşdırılması və izah olunmasıdır. Yəni, təfsir mövzunu kəşf edər, aydınlaşdırar, bəyan edər, şərh edər.

Təbiidir ki, hər bir sözü və hər bir mövzunu müxtəlif cür izah etmək mümkündür. Kəlam sahibinin elmi hər nə qədər yüksək olarsa, izah və bəyanı da daha dərin və daha aydın olar. Hətta bir beyt şeiri belə təfsir etmək olar. Bu yolla həmin şairin elm və qüdrətindən xəbərdar olmaq olar.

Qurani-Kərim Allahın kəlamı olduğu üçün Onun elminin təcəllisi, hikmətidir. Bəşəri hidayət edən ali bir iradədir. Ona görə də hər bir kitabdan və kəlamdan çox təfsirə ehtiyacı vardır.

İmam Əli (ə) buyurur: "Nazil olan kitabın sirri - Qurandadır. Quranın sirri isə "Fatihətul-kitab"dadır. "Fatihətul-kitab"ın sirri isə "Bismilləhir-Rahmənir-Rahim"dədir. "Bismilləhir-Rahmənir-Rahim"in sirri isə "Bismilləh"in "ba"sındadır və həmçinin "Bismilləh"in "ba"sından olan hər bir şeydədir. "Ba"nın aşağısında nöqtə vardır və mən "ba"nın aşağısında olan həmin nöqtəyəm".

Hətta bu hədisi belə müxtəlif cür təfsir etmək olar. Misal üçün şərh vermək olar ki, Allah Təalanı tanımaq üçün Onun Uca və Müqəddəs adlarını tanımaq lazımdır. Əlbəttə Allahı tanımaq elm istəyir. Bu elm isə vəhy mənbəyi olan Peyğəmbərdə (s) cəm olmuşdur. İmam Əli (ə) isə bu elmin qapısıdır. Deməli Allahı tanımaq və tövhid qapısı odur.