İranın XİN nazirinə bir neçə dərs:


Siyasət 03 Okt 2021 17:02:00 161 0

İranın XİN nazirinə bir neçə dərs:

"Azərbaycanla sərhədin yaxınlığında keçirdiyimiz hərbi təlimlər terrorçulara yolladığımız mesajdır. Bakıya dəfələrlə bəyan etdik ki, sərhədlərimizin yaxınlığında saxta sionist rejimin elementlərinin mövcudluğuna dözən deyilik. Sionistlərlə terrorçuların Azərbaycana müdaxiləsi bizə aydındır. Təlimlər də onlara mesajımızdır".

İranın xarici işlər naziri Hüseyn Əmir Abbullahian Tehrandakı İRİB dövlət teleradiokorporasiyasına verdiyi müsahibəsində belə deyib.

O, daha solnra vurğulayıb: "Qarabağın azad edilməsindən sonra təəssüf doğuran hadisələr baş verib. İsrail yaranmış situasiyadan, imkanlardan maksimum istifadə edib və onun İran sərhədlərinə yaxınlaşmaqla bağlı uğursuz cəhdləri nəticəsində Azərbaycanın bir sıra regionlarında mövcudluğunu təmin edib. İran sərhədlərinin yaxınlığında sionist rejimin olması ilə bağlı o vaxtdan bəri narahatlığını bildirir.

Geosiyasi məsələlərdə çox həssasıq. Və Azərbaycan Respublikasına birbaşa bəyan etdik ki, bölgədə sərhədlərin dəyişməsi yolverilməzdir. Narahatlığımızı Azərbaycan rəhbərliyinə diplomatik kanallarla da çatdırmışıq. Azərbaycanlı bağlı situasiyanı anlayırıq. Xarici ölkələrin müdaxiləsini, habelə sionistlərlə terrorçuların Azərbaycanda olduğuun da bilirik. Bütün bunların gələcəkdə Bakı üçün problemlər yarada biləcəyindən narahatıq. Əcnəbi oyunçulara Tehranla Bakı arasındakı çoxillik münasibətlərə təsir etməyə imkan vermək olmaz".

Hüseyn Əmir Abdullahian Azərbaycanın İrana təyin etdiyi yeni səfiri  Əli Əlizadənin etimadnaməsini qəbul edərkən "regionda sionist rejimə dözməyəcəklərini və rejimin fəaliyyətinə qarşı lazımi tədbirlər" görəcəklərini bildirib. O, Azərbaycanın tutduğu mövqedən narazılığını bildirib. O, Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirib və iki sürücünün saxlanmasından "məyus" olduğunu deyib.

57 yaşlı Abdullahian İran parlamentinin sabiq spikeri Əli Laricaninin yetirmələrindən sayılır.

Savadlıdır, dünyagörüşü var, lakin Azərbaycanla münasibətlər, Cənubi Qafqazdakı proseslər və s. baxımından ya ölkəmizə qarşı göstəriş əsasında qərəzli və kinli mövqe tutub, ya da məlumatsız və bisavaddır.

Xatırladaq ki, İran quru qoşunları komandanlığının Azərbaycanla sərhəddə başlatdığı və "Xeybər fatehləri" adını verdiyi hərbi təlimlərə "zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan atəş açmaq taktikası" daxil edilib.

İranın siyasi rəsmiləri bu təlimləri bölgənin "stabilliyi və sülhü" naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri müharibə oyunlarının məqsədini "bölgədə sionist təhlükə" ilə izah ediblər.

Ordunun quru qoşunları komandanı İranın şimal-qərb sərhədinə həssaslığının "artdığını" və İsrailin oradakı fəaliyyətinin "tam nəzarət altında" olduğunu bildirib.

Şübəsizdir ki, bir ölkənin digər ölkənin sərhədində hərbi təlimlər keçməsi yalnız "əzələ nümayişi" kimi dəyərləndirilməlidir. Lakin ümid etmək istərdik ki, İran qırmızı xəttin hardan keçdiyini, hardan qayıtmaq lazım olduğunu da bilir.

İran və Azərbaycanın fərqli maraqları müxtəlif dövrlərdə bəlli problemlərə səbəb olsa da, ölkələrimiz arasındakı əlaqələr və müştərək bağlar belə ziddiyyəti kəskin toqquşmaya gətirib çıxarmağa imkan vermir.

İki ölkə arasında münasibətlərin gərginlik xətti üzrə irəliləməsi sentyabrın 12-dən, Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başlamasından sonra müşahidə olunub.

Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezident köməkçisi Hikmət Hacıyevlə görüşsə də, bundan bir-iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü "Azərbaycan ərazilərinə qanunsuz girmə" ittihamı ilə saxlanıb.

Prezident İlham Əliyev "Anadolu" Xəbər Agentliyinə verdiyi müsahibələrin birində bildirib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra da Qarabağa İrana məxsus yük maşınlarının girməsi məlumatlarını alıblar və bunu dayandırmaq üçün İranla "dostca danışıblar və buna son qoyulmalı olduğunu deyiblər".

İlham Əliyevin sözlərinə görə, bu ilin iyul ayında, verdiyi bu göstərişdən sonra İrana məxsus yük maşınlarına Ermənistan qeydiyyat nişanı yapışdırmaqla "Azərbaycanı aldatmağa çalışıblar".

Prezident bildirib ki, İrana iki xəbərdarlıqdan sonra Azərbaycan öz ərazisinə keçən yola nəzarət etməyə başlayıb və bununla Qarabağa gedən yük maşınlarının sayı sıfıra enib.

Azərbaycan Prezidenti ümid edib ki, İranın bu davranışı onların qanuni addımlarına emosional reaksiyası müvəqqəti olacaq: "Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır".

... Azərbaycan təkcə yola nəzarət etməklə kifayətlənməyib, eyni zamanda İrana məxsus yük maşınlarının sürücülərini gömrük rüsumu ödəməyə cəlb edib.

Yetərincə faktlar və sübutlar var ki, İran Ermənistanın işğal etdiyi ərazilər üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi.

Rəsmi Bakı ilk əvvəl səbrli və təmkinli davranıb, diplomatik kanallarla Tehrana xəbərdarlığını çatdırıb. Lakin Tehrandakı hakimiyyətin bu xəbərdarlığa əhəmiyyət verməməsi vəziyyəti onun güc nümayişi göstərməsinə" gətirib çıxarıb.

İran da müstəqil dövlətdir, Azərbaycan da. Hər iki arasında müştərək bağlar da var, ziddiyətli maraqlar da. Bəzi hallarda müştərək bağları qorumağa çalışırlar, bəzi hallarda isə fərdi maraqları. Azərbaycan hesab edir ki, İran Ermənistanla yaxınlıq etməməlidir, İran da hesab edir ki, Azərbaycan İsraillə yaxın olmamalıdır.

Gərginliyin əsas səbəbi Azərbaycanın Türkiyə ilə münasibətləri, o cümlədən Pakistanın bölgəyə gəlməsidir. Azərbaycanın İsraillə, Türkiyə və Pakistanla yaxınlığı müşahidə edəndə, bu, İranda qıcıq oyadır.

Hazırda İran öz ərazisində genişmiqyaslı, Azərbaycan sərhədlərinin yaxınlığında son 30 ildə ilk təlimlərini keçirir. Bu, Tehranın suveren hüququdur.

Biz də ərazimidə təlim keçiririk; ikitərəfli, üçtərəfli. Buna görə sizdən rüsxət almalı deyilik, cənab Abdullahian.

Azərbaycanın İkinci Qarabağ müharibəsindən qalib kimi çıxması, beynəlxalq aləmdə yerini möhkəmlətməsi, Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla əlaqələrin sıxlaşması, İsraillə, Böyük Britaniya ilə strateji münasibətlər qurması - bütün bunlar İranı narahat edir və bu güc göstərişinin arxasında da bu dayanır.

İran hələ də Azərbaycanı öz tarixi ərazisi kimi gördüyündən Azərbaycanın müstəqil, dünyəvi və demokratik olmasını öz "ərazilərinə təhdid kimi" görür.

İran hərbi güc nümayiş etdirməklə Azərbaycanı yoxlamağa çalışır. Amma artıq Azərbaycan əvvəlki dövlət deyil, İran da -Türkiyə və Pakistanla müttəfiqliyi, üstəlik də arxasında İsrail və Böyük Britaniyanın dəstəyini nəzərə alsaq, hansı güclə üz-üzə olduğunu görür.

Bundan başqa, Azərbaycanla İsrailin yaxın əlaqələri uzun illərdir ki, var, "sionist rejim"ə qarşı dözülməyəcəyi bəyanatları daha çox daxili auditoriyaya, şiə cəmiyyətinə yönəlib ki, Azərbaycan İsrailin müttəfiqidir.

Unutmayaq ki, İranda 32 milyondan çox soydaşımız yaşayır. İran həm də öz azərbaycanlı əhalisinə göstərmək istəyir ki, sən demə, onun işi "Azərbaycandakı sionist rejimlədi, əhali ilə yox".

Abdullahian, Azərbaycan ərazisindən İrana hər hansı hücum ola bilməz ki, bu bölgədə döyüş təcrübəsinə də ehtiyac yaransın. Azərbaycan qonşuluq münasibətlərində səmimidir və İrana qarşı da eyni xətti tutur. Azərbaycan heç İrana qarşı sanksiyalara da qoşulmayıb.

Azərbaycanın İranla hər hansı problemi yoxdur, İrana qarşı hər hansı siyasi çıxışları da lkənin siyasi arenasında müşahidə olunmur.

Ümumiyyətlə isə, İran-Azərbaycan arasında müşahidə edilən bu gərginlik getdikcə səngiyəcək. Bunu İran-Azərbaycan arasındakı ortaq maraqlar diktə edir. Siyasətdə belə manevrlər olur. Amma köklü maraqlar tələb edir ki, hər iki ölkə sadiq münasbiətləri qoruyub saxlasın.

Şuşa Bəyannaməsini də unutmayaq.

44 günlük Vətən Müharibəsi zamanı mənfur düşməndən azad edilmiş Şuşada bu yay Türkiyə və Azərbaycan arasında imzalanan Müttəfiqlik sazişinə görə, hər iki ölkə üçüncü ölkənin onun ərazisinə təcavüzü olduğu təqdirdə bir-birini müdafiə etmək öhdəliyi götürüb.

Abdullahian bunu əla bilir və anlayır ki, Azərbaycana qarşı hər hansı, hətta ən kiçik aqressiv davranış mütləq şəkildə Türkiyənin də prosesə bilavasitə cəlb olunması ilə nəticələnəcək.

Sonda İranın yeni XİN başçısına tövsiyyəm var: cənab Abdullahian, nazirliyin binasında, iş otağınızda təzəcə bərqərar oluban Azərbaycana qarşı absurd, sərsəm və marazmatik ittihamlarla çıxış etmək əvəzinə, yaxşı olarda ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin tarixini, siyasi münasibətlərinin miqyasını anlamaq üçün müvafiq ədəbiyyatı oxuyun, sənədlərlə tanış olun.

İsraillə Azərbaycanın münasibətləri Bakının öz işi, suveren seçimidir. Necə ki, biz İranın Ermənistanla "qardaşlıq və dostluq münasibətlər"ini, Tehran rəsmilərinin İrəvan nümayəndələri ilə damaq-damağa öpüşmələrini dəstəvüz edərək təlimlər keçirmirik, Tehranı hədələmirik və s. - siz də Azərbaycanın daxili işlərinə burun uzatmayın.

Və sonda - "terrorçular" məsələsi.

Cənub Abdullahian, əsla çəkinmədən və hətta utanmadan iddia etdiniz ki, guya Azərbaycan, sən demə, "ərazisinə terrorçular yığıb".

Azərbaycan bəhs etdiyiniz işlərlə məşğul olmayıb və deyil.

Fəqət, siz də, mən də əla bilirik ki, bütün Yaxın Şərqdə terrorçu qruplaşmaları birbaşa dəstəkləyən, onları maliyyələşdirən və hərbi texnika, silah, sursat və partladıcı maddələrlə təmin edən hansı ölkədir.

Siz də, mən də əla bilirik ki, Yaxın Şərqdəki radikal, ekstremist və terrorçu qrupları dəstəkləyən həmin ölkə bu minvalla öz aləmində ABŞ-a qarşı döyüşür, ABŞ-ın regionda effektiv təsir imkanlarına malik olmasının qarşısını alır.

Hüseyn Əmir Abdullahianın nəzərinə son olaraq kiçik məqamı çatdırmaq istərdim: Azərbaycanla münasibətlərin normallığı və inkişafı İranın mənafelərinə birbaşa cavab verir.

Mənasız söz yığınlarından ibarət bəyanatlar yaymaq, absurd ittihamlarla zəngin müsahibələr vermək əvəzinə ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin və təmasların güclənməsinə çalışsanız, daha məsləhətdir, cənab Abdullahian.

Bu, sizin birbaşa və bilavasitə vəzifə borcunuzdur.

Elçin Alıoğlu Son.az