Zərr aləmində Allaha verdiyimiz əhd nə məna daşıyır?


Digərləri 02 Okt 2021 22:30:00 205 0

Zərr aləmində Allaha verdiyimiz əhd nə məna daşıyır?

"O zaman sənin Rəbbin Adəm övladlarından - onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: "Mən sizin Rəbbiniz deyiləmmi?" (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: "Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik" dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü "biz bundan (tovhid və rübubiyyətdən) qafil idik" deyəsiniz. Yaxud "həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!"". ("Əraf" 172-173).

Əllamə Təbatəbai buyurur: "Aləmi-ruh (zərr) elə həmin bu aləmdir ki, ona (qeyb aləmi ) də deyirlər. Hər bir varlığın iki tərəfi olur: İlahi tərəfi ki, zaman və məkan ona yol tapmaz. O biri tərəfi isə dünyəvidir və zaman və məkanın təsiri vardır. Allah Təala bu ayədə buyurur: "Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: "Ol!" - deməkdir". ("Yasin" 82).

Allah bir şeyin var olmasını istəyən zaman ona "Ol" kəlməsini deyir və həmin şey dərhal olur. Allahın danışması insanın danışması kimi deyildir. İnsan danışan zaman ağzını açıb dilini tərpətməlidir. Lakin Allahın danışması belə deyildir. Allahın "Ol" kəlməsi həm əmrdir və həm də onun düzəlməsinə tamaşa edər. Həm "Ol" deyir və həm də qulaq asır ki, eşitsin. Həm ürək verir ki, qəbul etsin. Allah başqa yerdə buyurur: "Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir". ("Qəmər" 50).

Bu bir simvoldur, yəni bizim əmrimiz tədrici olan deyildir. Ona görə də biz məxluqlar bir əmr və bir "Ol" deməklə yaranmışıq. Bu məxluqun bir tərəfi İlahidir ki, zaman və məkan ona təsir etməz və yol tapmaz. Çünki zaman hərəkətdən yaranar. Hərəkət isə cismə aiddir. Bu İlahi tərəf isə bu aləmdə olan zər aləmidir. Bu məxluqun başqa bir tərəfi isə dünyəvidir və zaman və məkan ona təsir edər.

Zərr aləmi belə deyildir ki, insanlar zərrə şəklində və ya siçan şəklində olsunlar və Allah onlara buyuranda ki, Mən sizin Pərvərdigarınız deyiləmmi? Onlar gözləri və sair ilə Onu görsünlər".

Ustad Cavad Amuli bu əqidədir ki, bu ayələrdəki məqsəd - xarici həqiqətin bəyan edilməsidir. Allah Təala əql və vəhy dili ilə insandan əhd almışdır. Yəni Allah əqli dərk və vəhy risalətinin vasitəsilə insanlarla əhd bağlamışdır ki, din maarifi qəbul etsinlər.

İmam Əli (ə) peyğəmbərlərin (ə) besəti haqqında buyurur: "O zaman ki, Allahın yaratmışlarının əksər hissəsi Allahla bağladıqları əhdi əvəz etdilər və Allahın haqqına cahil oldular, Allah insanların arasına peyğəmbərlər göndərdi".

İnsan unudur ki, bir gün Allaha "bəli" demişdir, lakin bu dünyaya gələn kimi "yox" deyir. İnsanın fitrəti əzəlidir və zaman və məkana sığışmır. "Bəli" dediyimiz zamanı unuduruq. Biz unutmuşuq ki, kimik və haradan gəlmişik və hara gedəcəyik?

İnsan əgər fitrətini dərk edərsə, Allahla bağladığı əhdi xatırlayarsa, əzəli olduğunu bilər. Bu əhd də əzəlidir. Çünki o zaman ki, Allaha "bəli" demisən, Onunla əzəli əhd bağlamısan.

İnsanın bu əhvalatı ona bənzəyir ki, bir dəyərli gövhər tapır və onun nə olduğunu və nə dəyərdə olduğunu bilmir. Onun bir də uzunqulağı olur və bu dəyərli gövhəri həmin uzunqulağın boynuna asır. Yəni, onun dəyərini bilmir.

Hər bir insanın fitrət adında bir gövhəri vardır. Bu dəyərli gövhərini elə alçaq şeylərin boynuna asır ki, sanki onu uzunqulağın boynuna asdığı kimi olur. İnsan fitrəti o qədər dəyərli və nurludur ki, bütün aləmi aydınlada bilər. Ancaq insan bu nurani çırağı alçaq ruzigarın boynuna asmışdır.