Şeytanla itin oxşar və fərqli cəhətləri


Digərləri 02 Okt 2021 21:45:00 205 0

Şeytanla itin oxşar və fərqli cəhətləri

Ariflər deyirlər: "Şeytan - Allahın itidir. Allah Təala onu xəlq və tərbiyə etmişdir ki, lazım olan zaman düşmənlərinə hücum etsin. Necə ki, insan iti əhliləşdirir ki, lazım olanda düşmənə hücum etsin, sahibinin malını və sərvətini qorusun.

Bəli, Allah şeytanı yaratmışdır ki, hər kim itaəindən xaric olsa, şeytan da təlim görmüş it kimi onu tutsun və öz itaətinə salsın. Ona görə də hər kim İlahi vilayətdən xaric olarsa, şübhəsiz ki, şeytanın ordusuna daxil olar.

O zaman ki, bəndə günahına davam edər, Allah vilayətini onun üzərindən götürər. Sonra həmin insan şeytanın əsiri olar və zəlil olar. Ona görə də Quran buyurur: "O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər". ("İbrahim" 3).

Bu iki varlıq - itlə şeytan bəzi şeylərdə bir-birindən fərqlənirlər.

1. İtlər gündüzləri yatırlar, gecələri isə sahibinin malını qoruyarlar. Ancaq şeytan nə gündüz yatır və nə də gecə. O, bütün günü insanlara hücum edər.

2. İt sahibinin dostları ilə düşməni arasında fərq qoyur. Sahibinin dostlarına hücum etmir. Ancaq şeytan həm dostlara hücum edir, həm də düşmənlərə. Hər ikisinə əziyyət verər.

3. İt ev sahibinə hücum etməz. Lakin şeytan Sahibinə hücum etmişdir.

4. İtlər təvazökardırlar, özlərini üstün hesab etmirlər. Lakin şeytan Allahın buyurduğu kimi, təkəbbürlüdür.

5. İtlərin çoxlu uşaqları olur. Lakin çoxu ölür və ya öldürülür. Şeytanın da övladları çoxdur, lakin onlar sağ və salamatdırlar. Həzrət Peyğəmbər (s) buyurur: "Bir möminə hücum edən şeytanlar, ət parçasının ətrafını bürüyən arılardan çoxdur".

6. Hər kim itə çörək verər, it onunla dost olar. Lakin şeytana hər nə qədər sevgi göstərsən də, ram olmaz, əksinə düşmənçiliyi çox olar.

7. İtlər nəcis heyvanlardır. Lakin bəzi vaxtlar pak olurlar. O zaman ki, istihalə olur, yəni əvvəlki halı dəyişir, başqa bir şeyə çevrilir. Misal üçün duzluğa düşən it dəyişər və duzla qarışar və ya yanar, kül olar. Lakin şeytan heç bir zaman pak olmur. Hətta Qiyamət günü atəş belə onu pak edə bilməyəcəkdir.

8. İtlər zahirdə görünürlər və onlarla mübarizə aparmaq mümkündür. Ancaq şeytan gizlidir və ona görə də mübarizə aparmaq çətindir.

Lakin itlə şeytanın şərik olduqları cəhətləri də vardır.

1. İnsanlar küçə və bazarda itə daş atan zaman onlar qaçarlar. Şeytanı da iki tayfa daşlayar: biri o möminlərdir ki, nifrin və lənətləri ilə onu daşlayarlar. Bu daş bədənlərini yaralayar və həmin yara o zamana qədər qalar ki, mömin Allahı yada salmaqdan qafil olar. Bu zaman şeytan onu günaha tərəf çəkər. O zaman ki, mömin günah işlədər həmin yara sağalar. O biri tayfa isə mələklərdir ki, oxları vardır. "Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar". ("Saffat" 8).

2. İt sahibi iti düşməninə tərəf təhrik edər, Allah da şeytanı günahkara tərəf təhrik edər. "(Allah) buyurdu: "(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!"". ("İsra" 63).

3. O zaman ki, ev sahibinin qonağı olar, iti bağlayar ki, ona əziyyət verməsin. Allah da mübarək Ramazan ayında bəndələrini qonaq dəvət etdiyi üçün, şeytanı zəncirləyər.

4. Nə zaman insan iti olan birinin evinə getmək istəyər, sahibini çağırar ki, heyvanı sakit etsin. Mömin də Allah dərgahına üz çevirər və Ondan istəyər ki, şeytanı uzaq etsin.

5. Nə zaman it insanın qarşısında hürər, insan gərək bu ayəni tilavət etsin ki, it çıxıb getsin: "Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı". ("Kəhf" 18). O zaman ki, şeytan möminin yolunu kəsər və hücum edər, "Əuzubilləhi minəş-şeytanir-racim" qiraət et ki, səndən qaçsın.

Allah Təala cəmimizi şeytanın şərindən qorusun.