Şayiə yayanlar üçün ağrılı əzab olacaq


Digərləri 02 Okt 2021 20:55:00 218 0

Şayiə yayanlar üçün ağrılı əzab olacaq

"(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36).

Bu gün cəmiyyətdə ən çox rast gəldiyimiz bəlalardan biri də şayiə yaymaqdır. Bu bəla cəmiyyətə böyük ziyan vurur və insanların arasına nifaq salır. Şayiə yaymaq və yanlış məlumat çatdırmaq - xəbərin özü deyildir, çünki çox hissəsi yanlışdır.

"Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz". ("Nur" 19).

Bu ayə Mədinədə şayiə yayan münafiqlərə işarə etmişdir. Bu münafiqlər Peyğəmbər (s) ailəsini insanların gözündən salmaq üçün şayiə yayırdılar və bu hadisə Əfək hadisəsi kimi məşhurdur. Əfək sözünün mənası yalan deməkdir. "Təfsiri-Nümunə"də bu ayə haqqında yazılır: "Bu ayədən belə görünür ki, günahsız insanı iffətsizlik əməlində ittiham ediblər. Bu şayiə cəmiyyətdə yayılır. Həmçinin bu ayə o insana işarə edir ki, o zaman cəmiyyətdə böyük nüfuzə malik idi".

Bu ayədə bir neçə mühüm nöqtə vardır ki, ona işarə edək:

1. Bir nəfərə iffətsizlik töhməti vurulmuşdur.

2. Bu şəxs cəmiyyətdə nüfuza malik idi.

3. Bu töhmət cəmiyyətdə yayılmışdır.

4. Şayiə yayanlar münafiqlər idilər.

5. Əfək o deməkdir ki, öz əsl mənasını dəyişmişdir.

Əllamə Təbatəbai bu haqda buyurur: "Bu töhmətdə fitnə var idi və bu yalanı yonub ona şayiə paltarı geyindiriblər ki, Peyğəmbərin (s) paklığına ləkə vursunlar".