Evlilik imkanlı olmaq üçün zəmanət verir


Digərləri 02 Okt 2021 20:01:00 169 0

Evlilik imkanlı olmaq üçün zəmanət verir

İslam dini evlənməyi müqəddəs bir əməl hesab edir. Lakin bu gün cəmiyyətdə insanların bir hissəsi evliliyə maddi prizmadan nəzər salırlar. Bu maddi baxışa görə də evliliklərini təxirə salırlar. Bəzən ömürlərinin axırına qədər subay qalırlar. Bu İlahi əmrə itaətsizlik edirlər.

Ailələrin bir çoxu bu fikirdədir ki, əgər övladı ali təhsil alırsa, deməli gələcəkdə maddi vəziyyəti yaxşı olacaqdır. Yəni bu yolda xərclədiyi pul səmərə verəcəkdir.

Lakin bu ailələr belə düşünmür ki, övladı ailə qurarsa maddi vəziyyəti yaxşı olacaqdır. Halbuki, bu vədəni Allah Təala vermişdir. Ona görə də evliliyin azalması və evlilik yaşının artmasının əsl səbəbi - bu vədə inanmamaqdır.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrət ona buyurur: "Həyat yoldaşın vardırmı?". Deyir: "Yox". Buyurur: "Mən sevmirəm ki, bütün dünya və onda olan hər şey mənim olsun, ancaq bir gecəni həyat yoldaşım olmadan başa vurum".

Yəni, bütün dünya və ondan olanlar həyat yoldaşına malik olmaqla bərabər deyildir. Ondan da mühümdür.

Həzrət Sadiq (ə) sonra buyurur: "Evli insanın iki rükət namazı gecəni ibadətdə və gündüzü orucda keçirən subayın ibadətindən daha yaxşıdır". İmam (ə) ona yeddi dinar verir və buyurur: "Get və bu pulla evlən. Peyğəmbər (s) buyurmuşdur: "Özünüzə həyat yoldaşı seçin ki, bu, sizin ruzinizi çoxaldar"".

Bugünkü cəmiyyətin əqidəsinə görə, bir insan gərək kifayət qədər gəlirə malik ola bilsin ki, ailə qursun. Bəziləri hətta daha artığını istəyərək deyir ki, gərək qızın və oğlanın ailəsinin maddi vəziyyəti də yaxşı olmalıdır ki, cavanlar gələcəkdə onlardan istifadə edə bilsin. Lakin İslam dininin məntiqi bu deyildir. Dinimiz demir ki, əvvəl zəngin ol, sonra evlən. Deyir ki, zəngin olmaq istəyirsənsə, evlən. Allah hər bir evli insanın ruzisini artırar və malına bərəkət verər.