İstiliyə həsrət İstisu sakinləri


Digərləri 02 Okt 2021 14:36:00 106 0

İstiliyə həsrət İstisu sakinləri

"Azəriqaz" qəsəbənin qazla təmin ediləcəyi tarixi açıqlayıb

Son.az Real TV-yə istinadən bildirir ki, Xaçmaz rayonun İstisu qəsəbəsinin bir hissəsində uzun illərdir istiliklə bağlı çətinlik yaşanır.

Əvvəllər Muxtadır, 2018-ci ildən isə adı dəyişdirilərək İstisu adlandırılan qəsəbənin bir hissəsi hələ keçmiş sovetlər dönəmində qazla təmin edilib. Lakin qəsəbədə yaşayan 150 ailənin mavi yanacağın yolunu gözləməkdən gözlərinin kökü saralıb.

Qəsəbə sakinləri deyir ki, kimin imkanı var fərdi şəkildə mənzilinə qaz çəkdirib. İmkanı olmayanlar isə məcbur qalaraq yanacaq mənbəyi kimi odundan istifadə edir. Odun əldə etmək isə heç də asan deyil.

İstisu sakinlərinin problemi ilə bağlı Azəriqaz İstehsalat Birliyinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, qazlaşma prosesi mərhələli şəkildə aparıldığı üçün qeyd olunan ərazi ən geci 2023-cü ilin sonuna kimi mavi yanacaqla təmin ediləcək.