Gürcüstanda Saakaşvili fırtınası:


Digərləri 02 Okt 2021 14:30:00 86 0

Gürcüstanda Saakaşvili fırtınası:

Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin gizlicə ölkəyə qayıtması, Batumidə üzə çıxması və dünən axşam saatlarında Tbilisidə həbs olunması fonunda bələdiyyə seçkiləri start götürüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu seçkilərə müxalifət, o cümlədən Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası ciddi hazırlaşıb və bu seçkilər Gürcüstanda neçə ildir davam edən siyasi gərginliyin yeni mərhələsini başlada bilər.

Hələlik isə Saakaşvilinin Ukraynadan qeyri-leqal yollarla Gürcüstana qayıtması barədə. "Vahid Milli Hərəkat" partiyasının fəalı Eka Xerxeulidze bildirib ki, keçmiş prezident ölkəyə dünən yox, əslində dörd gün əvvəl qayıtmışdı. "Bu gün birinci gün deyil ki, Saakaşvili Tbilisidə idi, o artıq dördüncü gündür Gürcüstandadır və hakimiyyətin bu haqda heç bir informasiyası yox idi", - o keçmiş prezidentin həbs olunmasının ardınca açıqlayıb.

Xerxeulidze bildirib ki, onun Saakaşvili ilə əlaqəsi vardı və onun ölkədə olduğunu bilirdi. "Yeri gəlmişkən dünən (sentyabrın 30-da,-red.) o hökumət binasının yanında olub, lap yanında. Amma onu bu gün tuta biliblər", - partiya fəalı deyib.

Həbs olunub Rustavi həbsxanasına yerləşdiriləndən az sonra Saakaşvili aclıq elan edib və Ukrayna konsulu ilə görüş tələb edir. Bu haqda insan haqları müdafiəçisi Nino Lomcariya eks-prezidentlə həbsxanada görüşündən sonra bildirib. Onun sözlərinə görə, Saakaşvili özünü siyasi dustaq hesab edir və onun barəsində çıxarılmış hökmlə razı deyil. Lomcariya deyib ki, Saakaşvilinin onu saxlayan polis əməkdaşlarına iradı yoxdur, çünki qapını özü açıb, müqavimət göstərməyib və güc tətbiqi olmayıb. İnsan haqları müdafiəçisi Saakaşvili ilə onun ölkəyə necə qayıtdığının təfərrüatları haqda danışmadığını bildirib.

Saakaşvilinin həbsi ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski öz narahatlığını bildirib. "Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanda eks-prezident və Ukraynada islahatlar üzrə Milli Şuranın icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvilinin saxlanılması ilə bağlı narahatdır",-Zelenskinin mətbuat katibi Sergey Nikifirov bildirib. O qeyd edib ki, vəziyyəti diqqətlə izləyirlər və prezident Zelenski Gürcüstan hakimiyyətinin hadisələrin sonrakı inkişafına dair verdiyi bəyanatlarından da narahatlıq keçirir.

Saakaşvili Ukrayna vətəndaşı olduğundan onun saxlanılması ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyi Gürcüstan səfirini izahat verməyə çağırıb. Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko bildirib ki, ukraynalı diplomatlar Saakaşvilinin saxlanılması barədə xəbərləri KİV-lərdən eşidiblər və səfiri məsələ ilə bağlı izahat vermək üçün nazirliyə çağırıblar. Hakim "Xalqın xidmətçisi" partiyasının Ali Radadakı fraksiyasının lideri David Araxamiya isə deyib ki, Gürcüstanda keçmiş prezidentin-Ukrayna vətəndaşının   saxlanılması ciddi diplomatik qalmaqala səbəb ola bilər.