Ermənistanda generalların, silah alverçilərinin həbsinin


Siyasət 02 Okt 2021 11:31:00 145 0

Ermənistanda generalların, silah alverçilərinin həbsinin

"Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşinyan öz hakimiyyətini yeni əsaslarla qurmağa qərar verib, hətta "məxməri inqilabla" hakimiyyətə gələn Paşinyan indi özünün təbirincə desək, "dəmir inqilab" ilə hakimiyyətini formalaşdırır". 

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Paşinyan hərbiçilərə "barmaq silkələməklə" öz hakimiyyəti ətrafında neqativ hər hansısa ünsürləri kənarlaşdırmaqda qərarlıdır:

"Ermənistanda hökümətin formalaşmasından sonra Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı çıxış edən generallar vəzifədən kənarlaşdırıldı, onlar təqaüdə göndərildi. Hazırda isə silah alqı-satqısında iştirak edən bəzi generalların, şəxslərin həbsi ilə bağlı xüsusi araşdırma aparılır. Əsasən də silah alqı-satqısında adı gedən şəxslər yüksək rütbəli hərbçilərdir. Bir müddət öncə Ermənistanın keşmiş müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar verildi, sonra o, ev dustaqlığına buraxıldı, indi isə yenidən onun istintaqa cəlb olunması ilə bağlı məlumatlar paylaşılır. Eyni zamanda qeyd olunmalıdır ki, "David patron" adı ilə məşğul olan silah tədarükçüsü David Qalstyan da həbs olunub. Və bu şəxs həm Tovuz döyüşlərində, həm Vətən müharibəsinin gedişində qeyri-qanuni yollarla Ermənistana silah tədarük edilməsində iştirak edən cinayətkar şəxsdir. Bu şəxslərin həbsi həm də Ermənistanda hərbi seqmentdə bir sıra islahatları, eyni zamanda Nikol Paşinyanın özünün hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edən addımlardır. 

Ermənistanın təmsilçisi kimi Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatında (KTMT) iştirak edən, sonra baş katib olan Yuri Xaçaturovun da həbsi elə Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk çağlarda müşahidə olunurdu və hərbçilərə barmaq silkələməklə Paşinyan öz hakimiyyəti ətrafında neqativ hər hansısa ünsürləri kənarlaşdırmaqda qərarlıdır. Bu siyasi xəttin seçilməsi daha çox hakim partiyanın və eləcə də Paşinyanın reytinqinə işləyən addımlardır.

Müharibənin nəticələri Ermənistanda dərindən təhlil olunur. Bu da əslində çox təhlükəli tendensiyadır. Çünki Ermənistanda hərbi infrastrukturun yenidən qurulması, buraxılmış səhvlərin araşdırılması və yekun qənaətə gəlinməsi, müasir silahlara və texnologiyalara əlçatanlığın təmin edilməsi, bir sıra hərbi sövdələşmələrin həyata keçirilməsi onu göstərir ki, Ermənistanda nəinki müxalifət, eləcə də iqtidar revanşist əhval-ruhiyyə ilə yaşayır və hərbi quruculuq sahəsində buraxılmış səhvlərə görə müəyyən şəxslər cəzalandırılır və yeni formasiyada ordu quruculuğu həyata keçirilir. Bu, çox təhlükəlidir, regionda sülhdən, barışdan danışmağa cəhd edən Nikol Paşinyan eyni zamanda bu sahəyə də diqqətini artırır və müxtəlif islahatlar həyata keçirilir. Ermənistanda bu cür istiqamətin yön alması çox təhlükəlidir. Bu, nəinki Cənubi Qafqazın, eləcə də bütün regionun təhlükəsizliyinə təhdid törədən məqamdır. Ermənistan hakimiyyəti bu cür addımalrdan çəkinməlidir ki, sülhün formalaşması istiqamətində daha dayanıqlı addımlar atılsın və Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsi imzalansın".

Təhməz Əsədov Son.az