Ədaləti pozan – Allahın tərəzisi ilə müxaliflik edib


Digərləri 02 Okt 2021 08:53:00 163 0

Ədaləti pozan – Allahın tərəzisi ilə müxaliflik edib

İslam Peyğəmbəri (s) buyurur: "Allah Təalanın mənə göstəriş verdiyi həqiqətlərdən biri bu idi ki, razılıq və qəzəb halında insanlara qarşı ədalətə riayət edim. İnsanlarla münasibətdə ifrat və təfritdən çəkinim".

Bəzən insan razılıq və qəzəbdə ifrat və təfritə düçar olur, xüsusilə də tərifləməkdə və ya məzəmmət və tənqiddə. Allah Təalanın tövsiyəsi budur ki, həm razı olan halda və həm də əsəbləşən və qəzəblənən zaman ədalətə riayət edək, ifrat və ya təfrit etməyək.

Bəzi insanlar baxmayaraq ki, dini vəzifələrinə əməl edirlər, lakin şəhadət verən zaman və ya hökm çıxaran zaman qarşı tərəfə kinləri olduğu üçün ifrat və ya təfritə düçar olurlar. Bu yolla qarşı tərəfin haqqını tapdalamış olurlar. Bu zaman günah edər və Allahın qəzəbinə tuş gələrlər.

Ona görə də Quran bizləri istər şəhadət halında olsun, istər idarəçilik edəndə, istərsə də hökm çıxardan zaman ədalətə riayət etməyi əmr edir. "Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz". ("Nəhl" 90).

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır". ("Maidə" 8).

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, insanlarla ticarət edər, onlara zülm etməz, onlarla danışan zaman yalan deməz, onlara verdiyi vədinə xilaf çıxmaz, o kəslərdəndir ki, cömərdliyi kamil olmuş, ədaləti aşkar olmuşdur. (Onunla) qardaş olmaq vacib və qeybəti haramdır".

İmam Əlidən (ə) gələn bəzi hədislərə diqqət edək: "Ədalət - rəiyyətin arxası və gözətçisi, hakimlərin zinətidir".

"Ədalət odur ki, nə zaman zülm görsən, zalıma qarşı insaflı olasan. Ehsan və yaxşılıq odur ki, nə zaman qüdrətin olsa, güzəşt edəsən".