Vüqar Səfərlinin məhkəməsi qeyrimüəyyən vaxta təxirə salındı


Digərləri 01 Okt 2021 17:06:00 99 0

Vüqar Səfərlinin məhkəməsi qeyrimüəyyən vaxta təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxslərdən Nadir Məmmədov məhkəməyə gətirilməyib.

Hakim bildirib ki, məhkəməyə bununla bağlı məktub daxil olub. Məktubda bildirilib ki, Nadir Məmmədov səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssissəsinə köçürülüb.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.