Azərbaycanda ilin ən səsküylü qətlləri FOTO


Kriminal 01 Okt 2021 08:09:00 279 0

Azərbaycanda ilin ən səsküylü qətlləri  FOTO

2021-ci ilin başa çatmasına 90 gündən artıq vaxt qalsa da, ötən 9 ay müddətində Azərbaycanda kifayət qədər səs-küylü qətl hadisələri baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sentyabrın 30-da Bakının Nizami rayonunda polis nəfəri İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı elə polis bölməsində qətlə yetirməsi də, 2021-ci ildə baş verən və ən çox rezonans doğuran hadisələrindən biri kimi yadda qaldı.

Bu il daha bir səs-küylü və dəhşətə gətirən hadisə isə may ayında baş verib. Mayın 31-i gecə saatlarında paytaxtın Sabunçu rayonunda Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun öz xanımı Pərvanə Əhmədovanı tüfənglə atəş açaraq öldürməsi də uzun müddət cəmiyyətdə müzakirələrə səbəb oldu.

Bu qətl hadisəsi Fəqan Əhmədovun 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələndi.

Ölümlə nəticələnən daha bir hadisəsi isə Bakının Xətai rayonunda yerləşən "Beerlin pub"da qeydə alınıb. İaşə obyektinin mühafizəçisi Orxan Şahbazov məkanda müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Maraqlıdır ki, yuxarıda qeyd edilən digər iki cinayət kimi, bu hadisə də ay sonu, yəni avqustun 30-da baş verib.

Əlavə edək ki, hadisədən dərhal sonra saxlanılan Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. O, bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.

Bu il baş verən daha bir səs-küylü cinayətdə qurban yenə qadın olub. Belə ki, avqustun 19-da Bərdə sakini, 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları Uğurbəyli kəndinin yaxınlığındakı əkin sahəsində 27 yaşlı bacısı Nərminə Behbudovanı bıçaqlayaraq qətlə yetirib.

Ən çox müzakirələrə səbəb ola tükürpədən cinayətlərdən biri də sentyabrın əvvəlində Lənkəranda qeydə alınıb. Burada 1979-cu il təvəllüdlü Şaiq Məmmədov Zövlə kəndi ərazisində keçən çayda əvvəlcə bıçaqla 9 yaşlı oğlu Vahid Məmmədlini öldürüb, sonra isə özü intihar edib.

Sentyabrda azyaşlının ölümü ilə nəticələnən daha bir ağır hadisə də baş verib. Bu dəfə Goranboyda 11 yaşlı Fərid Təhməzov qətlə yetirilib. Hadisəni törədən isə Fəridin anası Gülayət Təhməzova və onun qeyri-rəsmi olaraq birgə yaşadığı Anar Məmmədov olub. Onlar uşağı döyərək öldürüb, sonra isə rayon ərazisindəki qamışlığa atıblar.

Maraqlıdır ki, anası sevgilisi ilə bu hadisəni törətməmişdən əvvəl oğlunun guya itkin düşməsi ilə bağlı polisə məlumat vermişdi.

İlin səs-küyə səbəb olan qətl hadisələrindən daha biri isə avqustun 25-də Bakının Binə qəsəbəsində baş verib. Burada Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.