Qaraçay kəndinin sosial problemləri


Digərləri 30 Sen 2021 15:36:00 111 0

Qaraçay kəndinin sosial problemləri

"Azəriqaz" və yerli bələdiyyə problemlərə aydınlıq gətirdi

Qubanın Qaraçay kəndinin yeni yaşayış massivinin dərdi böyükdü desək hər halda yanılmarıq.

Ona görə ki, burada yaşayan 50-dən artıq ailə bir yox bir neçə sosial problem əziyyət çəkir. Odur ki, vaxt itirmədən yerli sakinlərin ən çox səbrsizliklə həllini gözlədikləri içməli su problemindən başlayaraq. Şikayətçi vətəndaşlar bildirir ki, əslində yerli bələdiyyə istəsə problemi həll edə bilər. Bunun üçün sadəcə kəndinin mərkəzində olan artezyandan 2 km uzunluğunda su xətti çəkilməlidir.

Son.az Real TV-yə istinadən bildirir ki, Massiv sakinlərini içməli su ilə yanaşı təbii qaz problemi də narahat edir. Kəndin özündə qaz olsa da onların yaşadıqları ərazidə yanacaq mənbəyi kimi uzun illərdir odundan istifadə olunur.

Suya və qaza həsrət qalan sakinlərin bu azmış kimi birdə yol dərdi var. Massivdəki yolların acınacaqlı vəziyyəti böyükdən kiçiyə hər kəsə çətinlik yaşadır.

Qaraçayın yeni massivinin qaz problemi ilə bağlı Azəriqaz İstehsalat birliyindən bildirildi ki, ərazinin mavi yanacaqla təmin edilməsi gündəmdədi. Sadəcə işlər mərhələli şəkildə aparılır.

İçməli su probleminə gəldikdə isə yerli bələdiyyədən məlumat verildi ki, kənddəki artezyandan massivə su verilməsi mümkünsüzdü. Belə olan halda kəndin özündə su problemi yaranacaq. Məsələnin həlli üçün yeni artezyan qazılmalıdır və bununla bağlı Azərsu ASC-yə müraciət olunub.

Bələdiyyə nümayəndəsi Aslan Ələsgərov yolların təmiri məsələsinə də aydınlıq gətirdi. O, bildirdi ki, yaxın günlərdə qeyd olunan ərazidə yollar cari şəkildə təmir olunacaq.