Zakirlərin əldə etdiyi mənfəətlər


Digərləri 28 Sen 2021 23:45:00 151 0

Zakirlərin əldə etdiyi mənfəətlər

Allahla aşiqcəsinə rabitə qurmağın yollarından biri də zikrdir. Yəni, dil və ürəyi Allahın gözəl adları ilə bəzəmək və canlandırmaqdır. Davamlı edilən zikr ürəyin pasını və qabarını aradan aparar. Ona görə də zikri peyğəmbərlərin (ə) xüsusiyyətlərindən hesab edirlər. Həmçinin Quranın adlarından biri də zikrdir. "Həqiqətən bu zikri (Qur'anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq". ("Hicr" 9).

İlahi zikrin möcüzəvi təsirləri vardır və onların hər biri insan ruhunu və əxlaqını islah edər. İlahi zikr bəndə ilə Malikin mənəvi rabitəsidir.

İlahi zikrin gətirdiyi faydalara nəzər salaq:

1) Zikrin gətirdiyi ilk fayda odur ki, Allah insanı yada salar. "Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).

2) Ürəyi aydınladar.

İmam Əlinin (ə) oğlu İmam Həsənə (ə) tövsiyəsi bu idi ki, hər şeydən əvvəl ürəyin abadlığı ilə məşğul olsun. Ona görə Həzrət (ə) buyurur: "Oğlum! Səni təqvaya, Onun zikri ilə ürəyi və ruhu abad etməyə və İlahi kəndirə çəng vurmağını tövsiyə edirəm".

Ürəyi dirçəltməyin yolarından biri də zikrdir. İmam Əli (ə) buyurur: "Allah Təala Özünü yada salmağı ürəklərin cəlası qərar vermişdir ki, onun təsirindən qulaq ağırlıqdan sonra eşidər, göz görər və bu vasitə ilə düşmənlik və tərslikdən sonra ram olar".

3) Ürəyin rahatlığına səbəb olar.

Zikr insan ürəyini sakitləşdirər. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

Qurani-Kərim pərişanlıq və iztirabı aparmağın tək yolunu İlahi zikrdə görür. Ancaq məqsəd ürək zikridir, dil deyil. Quranın nəzərinə görə ürək zikri dil zikri ilə eyni deyildir. "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!". ("Taha" 14). Hər kim namaz qılar, baxmayaraq dildə zikr deyər, lakin ürəyi bu zikri təsdiq edər. İmam Sadiq (ə) buyurur: "İnsanın ürəyi daxildən narahat olar, həqiqətdə Haqqı istəyər. O zaman ki, Haqqa çatar rahatlıq tapar".

4) Günahlar bağışlanar.

Zikrin gətirdiyi faydalardan biri də günahların bağışlanmasıdır. Quran buyurur: "Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!". ("Əhzab" 35). Mömin insan bəzən büdrəyir və bu zaman ürəyində narahatlıq yaranır. Günahların bağışlanması üçün yollar axtarır. Allah zikr vasitəsilə günahlarını bağışlayar.