Rusiya Azərbaycanın maraqlarını nəzərə almağa başlayıb


Siyasət 28 Sen 2021 16:36:00 103 0

Rusiya Azərbaycanın maraqlarını nəzərə almağa başlayıb

"Sabah Soçidə baş tutacaq görüşü Azərbaycan tərəfi də, Türkiyə tərəfi də ümidlə gözləyir. Türkiyənin özünün Rusiya ilə yetərincə problemləri yığılıb qalıb. Amma bu o demək deyil ki, Qarabağ məsələsi bu görüşdə müzakirə olunmayacaq".

Bunu Son.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Putin arasında baş tutacaq sabahkı görüşdə Azərbaycan üçün müəyyən məsələlər aydınlaşacaq:

"Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi zamanı Rusiyaya münasibətlərin normallaşdırılması istiqamətində sülhməramlıların fəaliyyətini qənaətbəxş adlandırması və rəsmi Moskva ilə hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini açıqlaması kimi müsbət mesajlar verdi. Xatırlayırsınızsa, bu vaxta qədər sülhməramlı qüvvələrin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı da müəyyən Rusiya tərəfinə müəyyən məlumatlar çatdırılmışdı. Sülməramlı kontiongentin rəhbərinin bir neçə dəfə dəyişdirilməsi məhz Azərbaycanın Qarabağa göndərilən komandanın fəaliyyətindən narazı olması, rəsmi Bakını qane etməməsindən irəli gəlir. Deməli Rusiya Azərbaycanın maraqlarını nəzərə alır, narahatlığına diqqət yetirir.

Azərbaycan Prezidentinin verdiyi mesajları ayrı konteksdə də izah etmək olar, sabah nəzərdə tutulan Soçi (Türkiyə ilə Rusiya prezidentləri arasında) görüş prizmasından da yanaşmaq olar. Düşünürəm ki, sabahkı görüşdə Azərbaycan üçün müəyyən məsələlər aydınlaşacaq. Azərbaycan bundan sonrakı addımların atılmasında və müəyyən məsələlərin həll olunmasında daha inamlı olacaq. Bu görüş bizim üçün çox əhəmiyyətli olacaq və Azərbaycanın narahatlığı müəyyən mənada öz həllini tapacaq. 

Hesab edirəm ki, sabahkı görüş Türkiyə-Rusiya problemələrinin müəyyən qədər aradan qalxmasına nail olacaq və Türkiyə ilə Rusiyanın münasibətlərində bir yumşalma, yaxınlaşma olacaq. Ona görə ki, bunu regionda və ümumiyyətlə, bütün dünyada gedən proseslər tələb edir. Bu da istər-istəməz Azərbaycana və Azərbaycanın yaralı yeri olan Ermənistanla münasibətlərində də əhəmiyyətli rol oynayacaq. Soçi görüşündən münasibətlərin müsbət məcrada inkişafını gözləyirəm". 

Təhməz Əsədov Son.az