Şəhid ailələri və qazilər daim dövlətin diqqətindədir


Digərləri 28 Sen 2021 15:12:00 117 0

Şəhid ailələri və qazilər daim dövlətin diqqətindədir

Azərbaycanın ərazi bütövlüyü uğrunda biri iki ayağını, digəri isə sağ qolunu itirib.

Vətən müharibəsi qəhrəmanı olan müsahibimiz 21 yaşlı Camal Alxasov döyüşlər vaxtı əsgər kimi xidmətdə olub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, o, Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında fəal iştrak edib. Sonuncu dəfə Qubadlıda olarkan düşmənin minatandan açdığı atəş onun ayaqlarını aparıb.

27 yaşlı gizir Elvin Rəsulovun da döyüş yolu Camal Alxasovun döyüş yolu ilə eyni olub. O da ağır yaralandığından elə döyüş meydanında hərbi həkimlər tərəfindən qolu amputasiya edilib.

Hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti təbii ki, dövlət üçün çox önəmlidir. Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərmək dövlətin əsas prioritetlərindəndir.

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilkin mərhələdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazini yüksək texnologiyalı protezlərlə təmin edəcək. Bundan əvvəl isə 2020-ci ilin dekabr ayından qazilərin yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

Yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə təsis olunan ''YAŞAT'' Fondu isə şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditinin bağlanması, onların səhiyyə və təhsil məsələlərini həlli daxil olmaqla 4 istiqamətdə  fəaliyyət göstərir. Fondun rəhbəri Elvin Hüseynov deyir ki, rəhbərlik etdiyi quruma indiyə qədər 62 milyon manatdan çox vəsait köçürülüb. Bunun 38 milyon manatdan çox hissəsi 11 min 377 müraciət üzrə xərclənib.