Cənub qonşumuzun puç olan arzulari: İran “Anım günü”nü niyə


Siyasət 28 Sen 2021 07:52:00 121 0

Cənub qonşumuzun puç olan arzulari: İran “Anım günü”nü niyə

Son.az kaim.az-a istinadən siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyevin yazısını təqdim edir

İsrailin Azərbaycandakı səfiri Corc Dik, Türkiyə səfiri Cahid Bağcı, Böyük Britaniyanın ölkəmizdəki elçisi Ceyms Şarp bu gün keçirilən "Anım Günü" ilə bağlı paylaşımlar edərək şəhidlərimizin əziz xatirəsini yad ediblər. Hətta ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litsenberq də bu günlə əlaqədar öz tvitter hesabında paylaşım etdi.

Əlbəttə, bəzi azərbaycanlılar düşünə bilər ki, bu dövlətlərin ölkəmizdə siyasi maraqları, strateji mənfəətləri var və ona görə belə edirlər. Qlobal siyasətdə siyasi və strateji maraqların olması yeni deyil, hətta deyərdim ki, bu, təbiidir. Ancaq əfsuslar olsun ki, qonşu və dost İran xalqının siyasi təmsilçisi olan hökumət və onun Bakıdakı fövqəladə və səlahiyyətli səfirliyi "Anım Günü" ilə bağlı hər hansı tədbir keçirməyi bir tərəfə qoyun, heç öz rəsmi tvitter səhifəsində bir paylaşım etməyə belə həvəs göstərmədi. Düşünürəm ki, hörmətli səfir ağayi Abbas Musəvi cəmi-cümlətani iki cümləlik başsağlığını öz tvitter səhifəsində bizdən əsirgəməyə bilərdi.

Bir-neçə gün əvvəl İran İslam Respublikasının yeni xarici işlər nazirinin müavini Azərbaycana təşrif buyurmuşdu, hətta Ağdama səfər də etmişdi. Biz də yəqin etmişdik ki, yəqin dost İran hökuməti artıq səhvlərindən nəticə çıxarıb və qərar verib ki, özlərinin də ərz etdiyi kimi, məntəqədə davamlı sülhün bərqərar olunmasına çalışacaqlar.

Son 30 ildə qonşu və dost İran hökuməti Azərbaycanla sərhədində gərəksiz və lüzumsuz hərbi təlimlər keçirdi. Son 3 dekadada rəsmi Tehrana Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək ona görə əhəmiyyətli deyildi ki...

İran-Azərbaycan sərhədinin böyük hissəsi ermənilərin nəzarətində idi. Yəni, buna lüzum yox idi. İran hökuməti və Məşhəddəki qazilər şurasının və dəftərxananın sahibi ağayi Xamanei həzrətləri zənn edirdi ki, Azərbaycan işğal olunmuş torpaqları heç vaxt azad edə bilməyəcək. İran siyasi isteblişmenti, klerikal elita düşünürdü ki, rejimin şiə-şubiyə ekspansiyasını Azərbaycanda da gücləndirəcək və özlərinin də dediyi kimi, ağayi Xameneiyə bağlı "Bakı idarəçiliyi" inzibati-ərazi bölgüsü yaradacaqlar. Olmadı! Azərbaycan əsgəri cənub qonşumuzun arzusunu gözündə qoydu, puç etdi.

Bir daha 1- və 2-ci Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlam həyat arzulayıram.

Vətən sizə minnətdardır!