Həzm sistemi xəstəliklərinin profilaktikası


Digərləri 28 Sen 2021 05:06:00 131 0

Həzm sistemi xəstəliklərinin profilaktikası

1.Diş xəstəliklərinin profilaktikasını aparmadan mədə xəstəliklərinin profilaktikasını aparmaq heç də düzgün hesab edilmir.

Buna görə də ilk öncə diş xəstəliklərinin profilaktikasını aparmaq lazımdır.

2. Düzgün qidalanma

Bu, mədə xəstəliklərinin profilaktikası üçün əsas şərt sayılır. İnsan orqanizmi üçün gündə 3 dəfə, kifayət miqdarda olmaqla (səhər yeməyi, nahar və şam yeməyi) qida qəbul edilməsi vacibdir.

Tam dəyərli səhər yeməyinin qəbul edilməsi insan orqanizmində gedən həzm prosesi üçün çox vacibdir. Ona görə də səhər yeməyindən imtina etmək olmaz. Səhər oyanandan sonra ilk növbədə 1 stəkan təmiz su içmək məsləhət görülür. Bu məqsədlə adi süfrə mineral sularından da (tərkibindəki qazların xaric olması üçün axşamdan stəkana tökərək saxlamaq lazımdır) istifadə etmək olar.

Səhər yeməyini hər zaman eyni vaxtda, sakit şəraitdə və tələsmədən yeməyə çalışmaq lazımdır. Yadda saxlayın ki, səhər yeməyi bağırsaq sistemini "oyadır". "Tam dəyərli səhər yeməyi" dedikdə həkimlər heç də 1 fincan kofe və buterbrodu deyil, normal qida qəbulunu nəzərdə tuturlar. Mütəxəssislər səhər yeməyi zamanı sıyıqlar (yulaf, qarabaşaq, darı və s.), müsli, yulaf və qarğıdalı lopalarının yoqurtla qarışığı, kefir, təzə meyvələr və s. bu kimi qidalar qəbul etməyi məsləhət görürlər. Kəpəkli çörək, pendir, pomidor, xiyar da bağırsaqların fəaliyyətini stimullaşdırır.

Bir çox mütəxəssislər qeyd edirlər ki, gün ərzində 4-cü qida qəbulu da (2-ci səhər yeməyi və ya ilkin nahar) məsləhət görülür. Bəs onlar bunu nə üçün təklif edirlər? Məsələ ondan ibarətdir ki, mədə üçün daha az miqdarda olan qidaları həzm etmək daha asandır. Ona görə də daha tez-tez, ancaq az miqdarda olmaqla qida qəbul edilməsi, birdən həddindən artıq yeməkdən daha yaxşıdır. Normada yeyilən qidanın həcmi o qədər olmalıdır ki, yemək stolundan qalxdıqdan sonra insanda azca da olsa aclıq hissiyyatı qalsın.

Qida müəyyən təyin olunmuş vaxt qəbul olunmalıdır. Şam yeməyini yatmamışdan azı 2 saat əvvəl qəbul etmək lazımdır. Yatmazdan qabaq 1 stəkan yağsız kefir və ya yoqurt, alma, banan və s. bu kimi yüngül qidalar da qəbul etmək olar. Digər orqanlar kimi, mədəyə də, gecə vaxtı özünü bərpa etmək üçün tam istirahət vermək lazımdır. Həddindən artıq yemək qəbul edilməsi kimi, qida qəbulları arasında uzun fasilələrin verilməsi də (məsələn, bəzi insanlar ancaq səhər və axşam vaxtı qida qəbul etməyə adət edirlər) zərərli hesab edilir.

Doymaq, ancaq bu zaman həddindən artıq yeməmək üçün qidanı yavaş-yavaş və yaxşı-yaxşı çeynəmək lazımdır. Bu, qidanı daha yaxşı xırdalamaq və bunun nəticəsində mədəni əlavə əziyyətdən qorumaq üçün vacib hesab edilir. Yaxşı ceynənməmiş iri qida kütlələrini həzm etmək üçün mədə daha çox işləməli olur və artıq yüklənir. Bu isə müəyyən vaxt keçdikdən sonra, mədədə müxtəlif dəyişikliklərin baş verməsi və onun öz funksiyasını normal şəkildə yerinə yetirə bilməməsi ilə nəticələnir.

Heç bir halda yemək vaxtı su, şirələr və s. içkilər içməyin. Bu, qidanın həzm edilməsi prosesində mədənin işini pozur. Yeməkdən bilavasitə sonra da maye içmək məsləhət görülmür. Bunun üçün bir qədər gözləməyiniz daha yaxşıdır.

Mədə xəstəliklərinin profilaktikası üçün düzgün və tam dəyərli qidalar qəbul etmək lazımdır. Yəni gündəlik qəbul edilən qidaların tərkibində kifayət qədər zülallar, yağlar, karbohidratlar, vitaminlər və mikroelementlər olmalıdır. Ona görə də qida faydalı olmaqla yanaşı, müxtəlif çeşidli olmalı, həmçinin tərkibində kifayət miqdarda meyvə, tərəvəz və giləmeyvələr də yer almalıdır. Məhz onların tərkibində insan orqanizmi üçün çox vacib hesab edilən xeyli miqdarda sellüloz vardır. Sellüloz - orqanizmə xaricdən daxil olan və ya maddələr mübadiləsi nəticəsində orqanizmdə yaranan zərərli maddələrin xaric edilməsi üçün sanki "süpürgə" rolunu oynayır. Sellüloz normal həzm prosesinə və bağırsaqların fəaliyyətinə də kömək edir.

Kobud qidalara nisbətən yumşaq qidalara daha çox üstünlük vermək lazımdır. Qızardılmış, kəskin, duzlu qidaları maksimal şəkildə məhdudlaşdıraraq, suda və buğda bişmiş qidalara üstünlük verməyiniz məsləhət görülür. Ədviyyatlardan da çox az miqdarda istifadə etmək tövsiyə olunur.

Əgər sizdə hər hansı bir mədə xəstəliyi mövcuddursa, siz hər zaman həkim tərəfindən müəyyən edilən pəhrizə əməl etməlisiniz. Çünki pəhriz bu halda təyin olunan müalicənin ayrılmaz tərkib hissəsi hesab olunur.

Qida və içkilər mütləq ilıq şəkildə olmalıdır, onların isti, həmçinin soyuq şəkildə qəbul edilməsi yolverilməzdir. Ona görə də hətta isti yay günlərində də içkiləri otaq temperaturunda olmaqla qəbul etmək lazımdır. Məsələ burasındadır ki, soyuq qidanın təsiri nəticəsində mədənin ifrazedici funksiyası və mədədə olan turşuluq artır. Xeyli isti qidaların qəbul edilməsi nəticəsində isə, adətən, mədənin selikli qişasının atrofiyası (məhv olması) baş verir. Faydalı olmasından savayı, qidanın təzə olması və steril şəraitdə hazırlanması da çox vacibdir. Keyfiyyətsiz qidaların qəbul edilməsi nəticəsində tez-tez baş verən qida zəhərlənmələri nəinki mədənin, həmçinin bütün mədə-bağırsaq sistemi xəstəliklərinin bilavasitə səbəbi olur. Qidanı bir gün ərzində qəbul edilməsi şərti ilə hazırlamaq lazımdır.

Dünyanın bütün qastroenteroloqları ev şəraitində hazırlanan qidaların qəbul edilməsini tövsiyə edirlər. Kafe və restoranlarda qida qəbul edilməsinə isə yalnız nadir hallarda yol vermək olar. Müasir kafe və restoranların əksəriyyəti qidaların xeyirli olması barədə deyil, ilk növbədə onların dadlı və xarici görünüşünün daha çox iştahgətirici olması barədə düşünürlər. Bundan əlavə, kafe və restoranların bir çoxlarında sanitar-gigiyenik normalara heç də dəqiq şəkildə riayət olunmur. "Fast-fud" adlanan qida qəbulu müəssisələri həkimlər tərəfindən xüsusi narazılıqla qəbul edilir. Məhz burada qəbul edilən qamburgerlər, dönərlər, bulkalar, qızardılmış pirojkilər və s. bu kimi qidalar insan orqanizminə (xüsusilə də mədə-bağırsaq sisteminə) daha çox zərər vururlar. Belə qidaları uzun müddət ərzində qəbul edənlər tez bir zamanda qidanın həzm edilməsində problemlərin yaranmasından, qarında ağrıların, qabırğaaltı sahədə ağırlıq hissiyyatının olmasından, gəyirmə, qəbizlik və digər əlamətlərin meydana çıxmasından və çəkinin artmasından əziyyət çəkməyə başlayırlar.

3. Zərərli adətlərdən imtina edilməsi

Spirtli içkilərin (xüsusən də keyfiyyətsiz əldəqayırma içkilər) mədənin selikli qişasına kəskin şəkildə mənfi təsir göstərirlər. Onların təsiri nəticəsində mədədə kəskin iltihabi proses baş verir.

Siqaret çəkilməsi ilə mübarizə aparmaq da mədə xəstəliklərinin profilaktikasında vacib elementlərdən biri hesab olunur. Siqaret çəkilməsi nəticəsində mədənin selikli qişası əvvəlcə xeyli dərəcədə qalınlaşır, sonra isə atrofiya (məhv olmaq) olur.

4. Gigiyena qaydalarına əməl edilməsi

Qida qəbulundan bilavasitə əvvəl mütləq əlləri yumaq lazımdır. Əgər bu mümkün olmazsa, əlləri gigiyenik nəm salfetlərlə silmək olar. Bu sadə qaydaya əməl etməklə siz orqanizminizə bir çox qorxulu mikrobların (xüsusən Helikobakter pilori mikrobu) daxil olmasının qarşısını alırsınız.