Prezidentin şəklini tutduğu şəhid kimdir?


Digərləri 27 Sen 2021 14:44:00 156 0

Prezidentin şəklini tutduğu şəhid kimdir?

Bu gün Azərbaycanda Anım Günüdür. 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Şəhidlərin anım gününə həsr olunan və  Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.

Yürüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Mərasimdə diqqət çəkən məqamlardan biri də Azərbaycan Prezidentinin tutduğu şəhid şəkli olub. Hamıya maraqlıdır bu şəhid kimdir?

Son.az lent.az-a istinadən həmin şəhid haqqında məlumatları təqdim edir.

Şəhid Adil İbrahimli

Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qalıb.

Adil İbrahimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi.

Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.