Şəhid Nicat Əhmədovun doğum günü idi


Digərləri 23 Sen 2021 14:30:00 119 0

Şəhid Nicat Əhmədovun doğum günü idi

229 nömrəli məktəbdə şəhidin xatirə lövhəsi açıldı

Son.az Real TV-ə istinadən bildirir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı könüllü olaraq döyüşlərə atılan qəhrəmanlarımızdan biri olan Nicat Əhmədovun doğum günü idi. Dünən şəhidimizin 23 yaşı oldu.

Bu münasibətlə 229 nömrəli məltəbdə Nicatla yanaşı daha 4 şəhidin adını daşıyan xatirə löhvəsinin açılışı oldu. Açılışda şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, məktəbin kollektivi və Milli məclisin üzvləri iştirak etdi. Ürəyi vətənlə, torpaqla döyünən Nicatın evdəkilərdən xəbərsiz könüllü olaraq döyüşlərə atılması təsadüfi deyildi. O hər zaman ata yurdu olan Şuşanı azad etmək və Şuşanı ailəsi ilə birgə qarış-qarış gəzmək istəyirdi. İllər keçsə də, görünür hərbiyə olan sevgisi seçdiyi peşəsini üstələdi.

Hərbçi ola bilməsə də, əsgər oldu, bu vətənin, bu torpağın əsgəri. Övladları ilə qürur duyan valideynləri bildirdilər ki, Nicatın da başqalarına nümunə olacağına əminik. Çünki bizim böyük təsəllimiz var - onların sayəsində 30 il əsirlikdə qalan Qarabağ işğaldan azad olundu. Əslən Şuşadan olan şəhidimiz görmədiyi ata-baba yurdu barədə valideynlərinə tez-tez suallar verirdi, maraqlanırdı. Hətta yarızarafat "özüm sizi oraya aparacam" deyirdi. Nicatın şərəfli döyüş yolu Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə sona çatdı. Çox qısa olsa da şərəfli oldu. Amma Şuşanın işğaldan azad edilməsinin müjdəsini doğmalarına o, verə bilmədi. Öz xəbəri daha tez çatdı ailəsinə.