21 yaşlı Şuşa fatehi


Digərləri 23 Sen 2021 14:18:00 198 0

21 yaşlı Şuşa fatehi

5 medala layiq görülən Cəlil Məmmədov Şuşa uğrunda gedən döyüşdə şəhid olub

Son.az Real TV-ə istinadən bildirir ki,Qəhrəmanlığın yaşı olmur...Cəmi 21 yaşında adını müasir tariximizə qızıl hərflərlə yazdıran, vətən torpaqlarının azadlığını canından üstün tutuan və bu amal uğrunda şəhadətə yüksələn Cəlil Məmmədov bunu bir daha sübut etdi. Qubanın Qonaqkənd qəsəbəsində anadan olan Cəlil hələ uşaq yaşlarından vətənpərvər olması ilə seçilib həmyaşıdlarından. Hələ ötən ilin iyul ayında hərbi xidmətə yollanarkən işğal altında olan torpaqlarımızı azad edəcəyi ilə bağlı valideynlərinə söz verib... Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılan Cəlil Fizuli, Xocavənd və Hadrut qəsəbəsinin düşməndən azad edilməsi uğrunda gedən mübarizədə əsl qəhrəman kimi savaşıb. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Düşmən tapdağında olan əraziləri azad etdikcə daha ruhlanan gənc qəhrəman Şuşaya qədər irəliləyib. Şuşaya bayraq sancan Cəlil Məmmədov bu ağır döyüşdə həm də şəhidlik zirvəsini fəth edib. 21 yaşında Şuşa fatehi adını qazanan qəhrəman bu gün hər birimizin qüruruna çevrilib. Yaxınları Cəlilin yoxluğu ilə barışmasa da şəhadəti ilə qürur duyurlar... Qeyd edək ki, Vətən Müharibəsində göstərdiyi şücaətinə görə, Məmmədov Cəlil Qəhrəman oğlu ölümdən sonra Vətən uğrunda, Cəsur döyüşçü, Fizuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Gənc qəhrəman doğulduğu Qonaqkənd qəsəbə qəbirstanlığında dəfn olunub. Hərbi xidmətə gedərkən işğal altında olan torpaqlarımızı azad edəcəyi ilə bağlı verdiyi sözü tutaraq şəhid olan qəhrəmanın məzarı yaxınları və sakinlər tərəfindən daim ziyarət olunur. Bütün el-oba indi Cəlili qəlbində yaşadır...