Binanın pəncərəsiz qalan blokları


Digərləri 23 Sen 2021 13:42:00 161 0

Binanın pəncərəsiz qalan blokları

MKİS: Sakinləri narahat edən problem tezliklə həll olunacaq

Son.az Real TV-ə istinadən bildirir ki, Nəsimi rayonu, Mirmahmud Kazımovski 27 ünvanında yerləşən binanın sakinləri verilişimizə müraciət edərək şikayətlərini bildiriblər. Belə ki, onlar deyir ki, yaşadıqları binanın bloklarından pəncərələr artıq iki aya yaxındır ki, çıxarılıb. Deyilənə görə, pəncərələr çərçivə ilə birlikdə yeniləri ilə əvəz olunmalı idi, hətta binanın üzlük hissəsində də təmir-bərpa işləri aparılmalı idi. Amma, nə yeni pəncərələrdən səs-soraq var, nə də təmirdən. Necə deyərlər, qaş düzəltmək əvəzinə vurub gözü də çıxartdılar. Sakinlər deyir ki, qarşıdan gələn soyuqlar bir yana, boş qalan pəncərə yerləri həm də oğrular üçün əlverişlidir. Belə ki, onlar pəncərələrin olmamasından istifadə edərək rahat şəkildə giriş qapısının talvarına qalxaraq zivədən asılan paltarları oğurlayırlar. Hətta sakinlər narahatdır ki, oğrular eyvanlardan mənzillərə də daxil ola bilərlər. Həmçinin pəncərələrin olmamasından uşaqlar da istifadə edir və həyatları üçün təhlükəli fəsadlarla nəticələnə biləcək nadinclik edirlər. Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 65 saylı Mənzil - Kommunal İstismar Sahəsinin rəisi Fazil Qurbanovla əlaqə saxladıq. Fazil müəllim bildirdi ki, yaxınlıqda yerləşən Mirmahmud Kazımovskı 19 və 23 A binalarının pəncərələri yeniləri ilə əvəz olunub. Yaxın bir həftə ərzində Mirmahmud Kazımovski 27 ünvanındakı binanın sakinlərinin də narahatlığına səbəb olan problem aradan qaldırılacaq. Odur ki, dəyərli sakinlər, necə deyərlər, ən xeyirli vasitə səbrdir. Verilən vəd icra olunanadək çalışın siz də daralan səbrinizə hakim çıxın.