Yeni kəşfiyyat rəisi Esmail Xatib:


Dünya 23 Sen 2021 11:48:00 103 0

Yeni kəşfiyyat rəisi Esmail Xatib:

İranın yeni prezidenti İbrahim Rəisinin (Ebrahim Raisi) kabinetində təhlükəsizlik naziri postunu tutan mühafizəkar və radikal dindar Esmail Xatibi kimdir, onun haqqında nə məlumdur? Və onun fəaliyyətindən nə gözləmək olar?

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, "İsrael Hayom" nəşri bu mövzuda Vaşinqtondan terrorla mübarizə üzrə analitik və tədqiqatçı Erfan Fardın məqaləsini dərc edib.

Orada deyilir ki, Esmail Xatib barəsində informasiya çox azdır. Məlum olanı budur ki, o 1961, yaxud 1962-ci ildə anadan olub. Nüfuzlu din xadimlərindən biridir və Ali dini lider Əli Xameneyi ilə sıx bağladır. Bu da təəccüblü deyil, çünki Xatib islam hüququ üzrə təhsil alanda Xameneyinin tələbəsi olub. O, habelə ayətullahlar Məhəmməd Fazil Lənkəranidən, Naser Şirazidən və Möctəba Tehranidən dərs alıb. Bunların hər biri radikal və mühafizəkar baxışlı ayətullahlar olub.

Müəllif xatırladır ki, Lənkərani  islam inqilabının lideri ayətullah Ruhulla Xomeyninin qatı tərəfdarı idi və yazıçı Salman Rüşdüyə, daha sonra 2006-cı ildə azərbaycanlı həkim və yazıçı Rafiq Tağıya qarşı ölüm fətvasını vermişdi. Rafiq Tağı daha bu fətvadan sonra öldürülüb.

Esmail Xatib bundan əvvəlki təhlükəsizlik naziri, bu sahədə heç bir iş təcrübəsinə malik olmayan Mahmud Ələvidən fərqli olaraq təhlükəsizlik və kəşfiyyat sahəsində müəyyən təcrübəyə malikdir. Amma formal olaraq onun kəşfiyyat və ya politologiya üzrə təhsili yoxdur, ancaq islam hüququndan dərs alıb.

Xatib 1980-81-ci illərdə İnqilab Keşikçiləri Korpusunun yaradılmasından sonra, təxminən 20 yaşlarında olanda Korpusun kəşfiyyat xidmətinə qoşulub. Onun Korpusun kəşfiyyatında dəqiq rolu haqda heç nə məlum deyil, amma ehtimal edilir ki, Xatib İranın kürd bölgələrində rejim müxaliflərinə divan tutanlardan biri olub. Həmin dövrdən etibarən Xatib İnqilab Keşikçiləri Korpusunun indiki generalı, müdafiə naziri Möhsün Rezayi ilə yaxın əməkdaşlıq olub.

1997-ci ildə Xatib kəşfiyyat nazirliyinin Qum bölməsinin rəisi təyin olunub. Sonradan isə İmam Rza məbədini mühafizə edən təhlükəsizlik idarəsinin başçısı olub. Habelə Xatib bilavasitə Xameneyi və onun administrasiyasında işləyib.