AZALın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb


Digərləri 22 Sen 2021 14:58:00 99 0

AZALın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb

"Azərbaycan Hava Yolları"nın Pilotların Hazırlığı Mərkəzində "Embraer E-190" tipli təyyarələrində uçuşların simulyasiyası üçün yeni təlim trenajor kompleksi quraşdırılıb.

"Azərbaycan Hava Yolları"nın Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, yeni trenajor kompleksi Azərbaycan Milli Aviadaşıyıcısının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcəkdir.

Milli Aviasiya Akademiyasında trenajor kompleksinin quraşdırılması məqsədilə beynəlxalq pilotların hazırlığı mərkəzləri üçün irəli sürülən ən son tələblərə uyğun olaraq Trenajor kompleksinin yeni binası inşa edilmişdir.

Trenajor kompleksinin istehsalçısı Amerikanın məşhur istehsalçısı olan "FlightSafety International" şirkətidir.

Həmin trenajorun alınmasına dair müqavilə 16 dekabr 2019-cu il tarixdə Bakı şəhərində Azərbaycan tərəfindən AZAL-ın prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev ilə "FlightSafety International" şirkəti tərəfindən - aviatrenajorlara xidmət üzrə icraçı direktor Con Van Maren (John C. Van Maren) və satış üzrə direktor Filip Delfur (Philiipe Delfour) arasında imzalanmışdır.

"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" tipli yeni trenajor kompleksi MAA-da quraşdırıldıqdan sonra, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən uğurla sertifikatlaşdırılaraq trenajorlar üçün ən yüksək "D" səviyyəsinə uyğun olduğunu təsdiqlədi.

Sertifikatlaşdırma prosesi zamanı EASA tərəfindən 170-dən çox keyfiyyət və uçuş proseduru üzrə testlər yoxlanıldı. Trenajorun bütün sistemlərinin real hava gəmisi ilə uyğunluğu yoxlanılmışdır.

Həmin kompleksdə təkcə Azərbaycan pilotları deyil, xarici aviaşirkətlərin pilotları da təlim keçəcəklər.